Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. İnsulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hüceyrənin enerji alma prosesini aktivləşdirir və yağların parçalanmasını ləngidir. İnsulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir.
İnsulinin işinin pozulması onun hazırlanmasının çatışmamazlığı və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. İnsulin hormonunu hasil edən Langerhans adacıqlarının mədəaltı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmazlığını əmələ gətirir və nəticədə 1-ci tip şəkərli diabet yaranır.
2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və ya insulinin çatışmazlığı nəticəsində əmələ gəlir.
Məlumdur ki, diabetli xəstələr qan şəkərlərinin normal dəyərlərdə qalması üçün insulin inyeksiyalarından istifadə edirlər. Buna görə də inyeksiyanın düzgün vurulma qaydalarını bilmələri vacibdir. Aile.lent.az bununla bağlı endokrinoloq Nadirə Ağazadənin fikirlərini öyrənib. Həkim insulinin düzgün vurulma qaydalarını bu cür sıralayıb:
- İnsulin dərialtı vurulmalı və vurulan nahiyənin təmizliyinə diqqət edilməlidir.
- İnsulin inyeksiyaları həkimin dediyi saatlarda vurulmalıdır.
- İnsulin iynə uclarının 2 dəfədən artıq istifadəsi məsləhət deyil və tez-tez dəyişdirilməlidir.
- İnsulin vurulduqdan sonra 5-6 saniyə gözləməli və insulinin yeridilməsinə əmin olduqdan sonra iynə çıxarılmalıdır.
- İnsulini dondurmaq və ya isitmək olmaz. Günəş görməyən və nəm olmayan yerlərdə saxlanılması məsləhətdir. İsti aylarda soyuducunun alt qatında saxlanılmalı, amma istifadədən qabaq 15 dəqiqə otaq temperaturunda qalaraq, sonradan vurulmalıdır.
- İnsulin vurulan yeri massaj etmək, isti qoymaq məsləhət deyil.
N. Ağazadə deyir ki, insulin vurmaq üçün ən uyğun nahiyələr qarın, bud, qol və sağrıdır: "Hər dəfə insulin inyeksiyası vurulduqda bu bölgələrin yeri daim dəyişdirilməlidir. Eyni yerlərə insulinin vurulması lipodistrofiyalara - dərialtı piy toxumasında çöküntülərin və ya dərialtı piy toxumasının yumrulaşmalarına gətirib çıxarır. Ona görə insulin vuran xəstələr vurulan nahiyələri özləri əl ilə müayinə etməlidirlər. Əlin altında yumrular varsa, bir müddət həmin yerə insulin vurmamalı, həkimə getdikdə bu barədə məlumat verməlidirlər".