Azərbaycan dövlət-din münasibətləri baxımından nümunəvi bir ölkədir.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Dini rəhbərlər və zorakı ekstremizm: önləyici tədbirlərlə bağlı çətinliklər" mövzusunda sessiyada çıxışı zaman deyib.
A.Paşazadə bildirib ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur: "Azərbaycan yeganə ölkələrdəndir ki, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, müsəlmanlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur".
O deyib ki, Azərbaycanda əsrlər boyu ayrı-ayrı dini inanclı insanlar sərbəst, sülh şəraitində yaşayıb, indi də belədir.
QMİ sədri əlavə edib ki, İslam adından siyasi məqsədlər üçün istifadəyə cəhdlər edilir: "Pakistanda, Türkiyədə və başqa ölkələrdə törədilən terror aktları bizi ciddi narahat edir".
Şeyxülislam qeyd edib ki, ermənilər Azərbaycan ərazilərini işğal edib, ərazilərimizdə soyqırımlar törədib, tarixi abidələrimizi dağıdıblar: "Biz münaqişənin həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan bu istiqamətdə ciddi işlər apara bilərik. Biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışırıq".