Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər.
Unikal.org-un məəlumatına görə, Dövlət Gömrük Komitəsindən (DGK) Milli.az-a bildiriblər ki, son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.
Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Respublikasına Frankfurt-Bakı, İstanbul-Bakı və Moskva-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşlarından soyuq silahlar - 1 ədəd "beşbarmaq", 3 ədəd bıçaq, eləcə də 1 ədəd silah darağı və 1 ədəd nişangah aşkar edilərək götürülüb.
DGK bir daha xəbərdarlıq edir ki, belə əşyaların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə görə məsuliyyət növlərilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.