Ölkəmizdə işləyən bir çox müəllimlər onların məvacibindən əlavə vəsait tutulduğunu bildirirlər.
Unikal.org xəbər verir ki, ANS PRESS-ə daxil olan şikayətlər görə, Qaraçuxur qəsəbəsi və Gəncə şəhərinin müəllimləri son zamanlar cəbhə xəttində müşahidə olunan gərginliklə bağlı əsgərlərə yardım məqsədilə onların maaşlarından əlavə vəsait tutulduğunu iddia edirlər.
Onların sözlərinə görə, bəzilərinin maaşlarından 1%, bəzilərindən isə 2% pul tuturlar. Müəllimlər deyir ki, onlara bu vəsaitin Silahlı Qüvvələrə Yardım Fondu üçün yığıldığını bildiriblər. Amma müəllimlər bu vəsaitin Silahlı qüvvələr üçün yığıldığına inanmırlar.
Gəncə şəhərində məktəblərin birində müəllimə işləyən Sona Əhmədova deyir ki, Gəncədə bütün məktəblərdə bu vəsaitlərin yığılmasına başlanıb: "Hal-hazırda bütün məktəblərdə belə bir kampaniya başlayıb ki, maaşdan ən azı 2 və 3 manat yığılır. Bizə deyiblər ki, bu vəsait orduya dəstək məqsədilə yığılır." - deyə müəllimə bildirdi.
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, son günlər ərzində ordumuza dəstək məqsədilə təhsil kollektivləri müxtəlif təşəbbüslər irəli sürüblər. Bunlardan biri də öz əmək haqlarından müəyyən hissənin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsi ilə bağlı olan istəkdir.
"Təhsil Nazirliyi bunun qanunvericilik çərçivəsində könüllülük prinsipinə uyğun olaraq birdəfəlik edilməsini tövsiyə edib. Bir daha bildirmək istəyirik ki, bu, güclü və yüksək təminatlı Azərbaycan Ordusuna xalqın sevgisinin paylaşımı və könüllü yardımlaşmasının nişanəsidir. Bununla bağlı hər hansı bir məcburetmə halı yolverilməzdir. Əgər hər hansı bir təhsil işçisi buna və digər adla istənilən vəsait yığımına məcbur edilərsə, Təhsil Nazirliyinin "Qaynar xətt"inə müraciət edə bilər", - deyə mətbuat xidmətindən vurğuladılar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan xalqımız ordumuza müxtəlif sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir."Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilib. Yəni, hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən istənilən dəstəyə görə Müdafiə Nazirliyi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda qeyd edirik ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub, təminat və təchizat məsələləri yüksək səviyyədə, keyfiyyətlə davamlı surətdə həyata keçirilir", - deyə qurumdan bildirdilər.
Ötən il də müəllimlər analoji halla bağlı narazılıqlarını bildirmişdilər. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəllimlərin maaşlarının daha da artırılması istiqamətində bir sıra addımlar atsa da , amma onların məvacibindən çıxılan bəzi əlavə xərclər müəllimlərin narazılığına səbəb olub.Müəllimlər bildirmişdilər ki, hər ayın sonunda onların əmək haqlarından, ölkədə fəaliyyət göstərən bəzi qurumların, cəmiyyətlərin büdcəsinə köçürülməsi üçün müəyyən məbləğdə vəsait çıxılır. Bir çox hallarda onlara bu haqda əvvəlcədən məlumat belə verilmir.
Qeyd olunan qurumlar arasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin adı da var idi. Cəmiyyətin aparat rəhbəri Rövşən Əliyev faktı təsdiqləsə də, amma bunun məcburi olmadığını qeyd etmişdi.
Hazırda Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması, onların sosial durumununun yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılır.Əsas məqsəd onların təhsil işçilərinin maddi durumunun daha da yaxşılaşdırılmasıdır. Amma bəzi hallarda təhsil işçilərinin məvacibindən onların icazəsi olmadan əlavə pulların çıxılması onları narahat edir. Bu da istər-istəməz onlarının işinin keyfiyyətinə təsir edir.