Ucqar dağ kəndlərində hələ də müəllimlərə ehtiyac var.
Unikal.org xəbər verir ki, bu barədə Kəpəz TV-nin hazırladığı reportajda bəhs olunur:
Məsələn, Göygölün kəndlərində 9 orta məktəbə bu tədris ilində 10 pedaqoq gəlib. Amma rayonda yenə də müəllim çatışmazlığı hiss olunur. Rayon təhsil şöbəsi növbəti dərs ilində bu problemin aradan qalxacağına ümid edir. Bəs həmin kəndlərdə işləməyə gedən gənc müəllimlər bundan razıdırlarmı?
Kəpəz TV (Region TV) xəbər verir ki, Səltənət Qurbanova ötən ilin sentyabr ayında təyinatla rayon mərkəzindən 30 km aralı olan Göygöl rayon İbrahim Mahmudov adına Çaylı kənd orta məktəbinə gəlib. Gəncədə orta və ali məktəbi bitirən qəhrəmanımız burada ixtisasına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat fənnindən dərs keçir. Təhsil Nazirliyinin pedaqoqlar arasında keçirdiyi imtahanda yüksək bal toplayan və iki müsabiqədən keçən Səltənət Qurbanova iş yeri kimi məhz bu kənd məktəbini seçib.
Səltənət Qurbanova: "Burada qalmağım üçün hər bir şərait yaradılıb. Dərslərimi keçirəm, dövlət də bunu maddi cəhətdən təmin edib. Həvəsləndirmə deyilən H2 məzmunda kirayə haqqı, yol pulu daxil olmaqla təmin olunmuşam".
Məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənni müəllimi üçün vakant yer 2014-cü ildən boş olub. Məktəb rəhbərliyi bununla bağlı Təhsil şöbəsinə müraciət edib.
Məktəbin direktoru Aqif Hüseynov isə bildirib ki, 2014-2015-ci tədris ilinin sonunda Azərbaycan dili Ədəbiyyat müəlliminin 65 yaş həddi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib: "Yeni müəllimə gənc olmasına baxmayaraq, keçirdiyi açıq dərslər, dərs dinləmələr müəllim və şagird kollektivi tərəfindən çox bəyənilib".
Gənc pedaqoqun işindən təkcə rəhbərlik yox, şagirdlər də razıdır.
İbrahim Mahmudov adına Çaylı kənd orta məktəbinin biologiya müəlliminə ehtiyacı var.
Buna görə də orta məktəbə rayonun digər təhsil müəssisəsindən əvəzləyici pedaqoq dəvət olunub. Ümumilikdə isə rayon üzrə ucqar kənd məktəblərində 4 pedaqoqa ehtiyac var.
Göygöl rayon Təhsil şöbəsinin Kadrlar üzrə baş məsləhətçi Ələkbər Hüseynovun sözlərinə görə, Çaylı kənd orta məktəbində biologiya ixtisası üzrə, rayon Quşçu kənd orta məktəbində isə ibtidai sinif və fiziki tərbiyə müəllimi ixtisası üzrə kadrlara ehtiyac var: "Tədris ilinin sonuna kimi ola bilsin ki, vakant yerlər artsın".
Rayon təhsil şöbəsi ümid edir ki, növbəti tədris ilinə kimi problem həllini tapacaq. Həmin kənd məktəblərinə Səltənət Qurbanova kimi gənc, işləmək həvəsi olan pedaqoqlar gələcəklər. Və bundan hamı qazanacaq: həmin pedaqoqun özü də, şagirdlər də, Azərbaycanın təhsili də...