Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətində Azərbaycanın yeni dostlarını da görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında bütün sahələrdə qurulan əməkdaşlığın dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulanıb.
Unikal.org xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 26-da daha bir görüşü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə olub.
Qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyən Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" kimi aktual mövzuya həsr edildiyini vurğuladı və tədbirdə iştirak etdiyinə görə Şeyxə Lubna Al Qassimiyə minnətdarlığını bildirib. "Xalqınıza dərin hörmətimi çatdırıram", - deyən birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb.
Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakın onun üçün şərəf olduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib.
Birinci xanım eyni zamanda aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.
Qazaxıstan parlamenti Senatının sədrini ölkəmizdə salamlayan Azərbaycanın birinci xanımı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdi. Bildirdi ki, belə mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində fəaliyyətinə verilən dəyərin nəticəsidir.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırıldı.