Türkiyə Universitetlərindən məzun olan tələbələr möhtəşəm tədbir keçirib.
Unikal.org xəbər verir ki, 1992-ci ildə Türkiyə Cumhuriyətinin təşəbbüsü ilə Azərbaycandan yüzlərlə tələbə ali təhsil almaq üçün bu ölkəyə üz tutdular. Bu, həm də Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını test üsulu ilə keçirilməsinin və Türkiyəyə dövlət xətti ilə tələbə göndərilməsinin başlanğıcı idi. Hər iki dövlətin dəstəyi ilə həyata keçirilən bu əməkdaşlıq "Böyük Tələbə Layihəsi -25 adlı tədbirlə qeyd olundu. Yubiley tədbirində 300 nəfərdən artıq məzunla yanaşı Türkiyənin o dönəmki xarici işlər naziri, eyni zamanda bir müddət Böyük Millət Məclisinin başqanı da olmuş Hikmet Çetin, dönəmin təhsil naziri Köksal Toptan, Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, ADA Universitetinin rektoru, akademik Hafiz Paşayev, 10-dan çox millət vəkili, eyni zamanda hər iki dövlətin rəsmi şəxsləri də iştirak edirdilər.
Tədbirdə Hikmet Çetin, Köksal Topdan, Hafiz Paşayev, Ceyhun Bayramov, Erkan Özoral, millət vəkili, eyni zamanda Türkiyə Universiteti məzunu olan Rəşad Mahmudov və digərləri çıxış edərək bu möhtəşəm layihənin əhəmiyyətindən, bir millət iki dövlətin qarşılıqlı əməkdaşlığından və təhsilin önəmindən danışdılar. Həmçinin çıxışçılar layihənin yaranma tarixi və başqa maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Layihənn mahiyyətini özündə əks etdirən qısa filmin nümayişi ilə yanaşı "Təhsil üçün oxu musiqili klipi də iştirakçılara təqdim olundu. Qeyd edək ki, 30 nəfər Türkiyə Universitetləri məzununun ifa etdiyi Türkiyə türkcəsində "Bir başkadır benim memleketim və Azərbaycan türkcəsində "Azərbaycanım adlı mahnıya Bakı şəhərinin müxtəlif məkanlarını əhatə edən klip çəkilib. Daha sonra tədbir musiqili-əyləncəli hissəylə davam edib.
Bildirək ki, yubiley tədbiri Təhsil Nazirliyinin himayəsi və məzunların özlərinin maliyyə dəstəyi ilə baş tutub