Bizi həyətdə gözləyirdi. Əl havasına divarı tapıb, ayağa qalxır və salamlaşmaq üçün sağ əlini uzadır. Bacısı tez müdaxilə edir, kənara uzanmış əli mənə tərəf çevirir. Əl sıxışırıq. Qoluna girib, evə tərəf gedirik. Ayağındakı çəkələklərə gözüm sataşır. Tərs geyinib. Görünür, kimsənin köməyi olmadan özü geymişdi. Ayaqqabılarımızı soyunub, içəri keçirik. Qolundan tutduğum bu gənc müdafiə naziri Zakir Həsənovun "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif etdiyi 1-ci dərəcəli Qarabağ əlili Talıbov İlkin İlham oğludur. İlkin 2014-cü il dekabrın 7-də düşmənlə üz-üzə hərbi xidmət keçərkən başından aldığı güllə yarasından sonra hər iki gözünü itirib.
***
Unikal.org xəbər verir ki, 3 ildir dünya işığına həsrət qalan İlkin öz keşməkeşli həyat və şərəfli hərb yolunuLent.az-a nəql edir.
Talıbov İlkin İlham oğlu 1990-cı il avqustun 19-da Füzuli rayonunun Mirzənağılı kəndində doğulub. Anası Füzuli, atası Xaçmaz rayonundandır. Atası Füzulidə dəmir yolunda işlədiyindən evlənib orada qalıb. 1993-cü ildə müharibə doğma rayonuna da çatanda ailəsi Xaçmaza köçür. İlkin məktəbə Xaçmazda gedib. 3-cü sinfi bitirəndən sonra təzədən Füzuliyə qayıdırlar. Bu ərəfə də İlkinin atası böyrək çatışmazlığından dünyasını dəyişir. 7-ci sinfə qədər Füzulidə 1 saylı məktəbdə oxuyur. Rayonda dolanışıq çətin olduğundan anası iki balasını da götürüb, Bakıya köçür. 8 və 9-cu sinifləri İlkin Bakıda oxuyur. Paytaxtda da dolana bilmirlər, anası bu dəfə uşaqlarını rayona - Füzuliyə yaşlı nənə-babasının yanına göndərir. Özü isə Bakıda qalıb işləyir. Məktəbdən məzun olan kimi İlkin Bakıya - anasının yanına işləməyə gəlir. 6-7 ay işlədikdən sonra əsgərlik yaşı çatır.
- Gördüm mənə çağırış gəlmir. Getdim hərbi komissarlığa, dedim, bəs niyə mənə çağırış göndərməmisiniz? Dedilər, kənd icra nümayəndəliyinə göndərilib, Biləcəriyə getməlisən. Getdim Biləcəriyə. Orda bir mayor vardı, məni alnımdan öpüb dedi, halal olsun sənə ki, özün gəlmisən!
İlkin Talıbov 2008-2010-cu illərdə N saylı hərbi hissənin əsgəri kimi Murovda hərbi xidmət keçib. Hərbi xidməti bitirib Bakıya gəlir. Bir neçə il işlədikdən sonra təzədən orduya qayıdır.
- 2014-cü ilin yayında sənədlərimi Milli Orduya verdim və qəbul oldum. 40 günlük snayper təlimi bitirdikdən sonra bizi snayperçi kimi postlara verdilər. Müddətdən Artıq Xidmət Edən (MAXE) kimi xidmətə başladım.
Onun qarşısında 2 seçim vardı. Doğulduğu doğma torpaqları qorumaq üçün ön cəbhəni seçir.
- Vurulduğum gün posta çıxmışdım. Postumu qorumaq üçün gecəgörmə ilə müşahidə aparırdım. Gördüm, erməni snayperçisi də bizim postumuzu müşahidə edir. Aramızda 300 m məsafə vardı. Onun sadəcə başını görürdüm. Silahımı mənzilə qoymuşdum. Birdən nəsə "tapp elədi, yıxıldım. O andan etibarən gözlərim tamamilə kordur, zülmət qaranlıqdayam. Əsgər "yoldaş çavuş, "yoldaş çavuş - deyə ağlayaraq qışqırdı. Dedim, qorxma, ölməmişəm, ağlama!
Bundan sonra huşunu itirir. Bir də onda ayılır ki, əsgər yoldaşları onu xərəkdə aparır.
- Gətirdilər məni bölüyə. Bölükdə yaxşı yoldaşlarım vardı. Allah onların canını sağ eləsin! Bir-birimizə doğma qardaş kimi idik. Hərbçisi yoldaşım əlimdən tutub "qardaşım deyə bağırırdı. Onun əlini sıxıb, dedim, möhkəm olun, ölməmişəm!
Qəfil dayanıb soruşur:
- Ağlayırsız?
- Yox, qrip olmuşam.
- Xəstə-xəstə sizə də əziyyət vermişəm. Üzr istəyirəm. Allah şəfa versin...
***
Həmin gecə İlkin Füzulidə hospitalda ilk əməliyyatını keçirir. Səhərə yaxın hərbi vertolyotla Bakıya göndərilir.
- Bir də özümə gələndə gördüm reanimasiyadayam. Danışa bilmirdim. Boğazımdan deşmişdilər, sol sifətim də gördüyünüz kimi dağılmışdı, sümüyüm yox idi. Çənəm də yığılmışdı, ağzımı aça bilmirdim. Hospitalda yanımda əmim qalırdı. Çay qaşığının ucunda dişlərimin arasından mənə su içirirdi. Plitka şokoladın üstünü qaşıyıb, dişlərimin arasından ağzıma salırdı. 3-4 ay bu cür qidalanmışam. Nəysə, bunları danışdığıma görə üzr istəyirəm.
İlkinin növbəti əməliyyatı Türkiyənin Gülhanə hərbi hospitalında olmalı idi. Kəllə sümüyündən üzünə sümük köçürülməliydi. Bu aparat da Azərbaycanda yoxdur. Bunun üçün də onun sənədlərini hazırlamaq lazım idi. İlkin deyir, əmisi bu sənədləri tamamlamaq üçün xeyli get-gələ salınıb.
- Elə sənəd var, əmim ora-bura şikayət edəndən sonra ay yarıma hazırladılar. Biləcəridən hospitala piyada 5-6 saatlıq yol var, amma sənədlərim bir aya, ay yarıma gəlib çıxırdı.
***
Dekabrdakı o məşum gecədən sonra İlkinin yaddaşı da gedib-gəlir. Danışdıqlarını da sonradan xatırladığını deyir. Bəzi tarixləri deyərkən rəqəmləri səhv salır. Əlqərəz, 5 aya İlkinin sənədləri hazır olur və o, əmisi ilə Türkiyəyə uçur.
- Bakıda demişdilər ki, bizi aeroportda səfirliyimizin əməkdaşları qarşılayacaq. Hətta əmimə dedilər, sənin İlkinlə getməyinə ehtiyac yoxdur, səfirlik İlkini əl üstdə saxlayacaq, yüksək səviyyədə qarşılanacaq. Dövlət ancaq mənim gediş-gəliş xərclərimi ödədiyindən əmimin xərclərini hərbçi dostlarım ödədi. Maaşımdan əlavə pul verirdilər. Minnətdaram onlara. Hospitalda qaldığım 5 ay ərzində də daim maddi-mənəvi dəstək olublar. Üstümüzdə də pul götürmüşdük. Nəysə, Ankarada təyyarədən düşdük ki, kimsə bizi qarşılamır. Əmim kənddə böyüyüb. Türk dili bilmir, yol-iz bilmir. 45 yaşı var. 45 ildə kəndindən kənara çıxmayan adamdı. Mən də kor, qalmışam ortalıqda. Əmim Türkiyə vətəndaşlarına yaxınlaşıb, kömək istədi ki, bəs biz Azərbaycandan gəlmişik, bizi burda qarşılamalı idilər. Əmim o yan-bu yana qaçdı, axırda Gülhanədən məni qarşılamağa göndərilmiş iki nəfəri tapa bildi. Ambulansla bizi Gülhanəyə apardılar. Hospitalın qapısında düşürdülər ki, bizim işimiz bura qədər idi. Burdan sonrasını özünüz həll etməlisiniz. Əmimin təzyiqi qalxmışdı, dedi, oğul, məni tut, yıxılıram. O vəziyyətdə bilmirdim özümü saxlayım, ya əmimi... Nəysə, o həkimə müraciət-bu həkimə müraciət, güc-bəla ilə yerləşdik. Bizi görənlər hər dəfə "bu cür olmalı deyildi, sizi qarşılayan olmalı idi. Hanı sizin səfirliyiniz? - dedikcə, başımı aşağı salırdım. Səfirliyimizin nömrəsini tapıb, zəng etdik. Dedilər, 5-6 gün sonra gələcəklər. Dedik, heç olmasa, gəlin, bizi Türkiyədə qeydiyyata götürün ki, sabah vətənə qayıdanda aeroportda problem çıxmasın. Türkiyədə nə qədər qalacağımız bilinmirdi.
Söhbət Türkiyədəki səfirliyimizə çatanda İlkin əsəblərini cilovlaya bilmir. Səsində qəzəb hiss olunur. Bibisi kənardan sakitləşdirir: "İlkin əsəbiləşmə. İlkin əlini uzadır, qarşısındakı stəkanı tutub, məndən soruşur:
- Bu sizindir?
- Yox, sənindir, iç.
- İsrarlardan sonra səfirlikdən adam göndərdilər. O da gəlib üstümüzə qışqırdı ki, nə hay-küy salmısınız? Halbuki, biz heç kimə heç nə deməmişik. Əksinə, bizdən "hanı sizin səfirliyiniz? soruşulanda "gələcəklər, "gəlişimizi bilmirlər, "yəqin nəsə problem çıxıb, yoxsa çoxdan gələrdilər - deyirdik. Dedik, artıq yerləşmişik, siz sadəcə bizi qeydiyyata götürün, qayıdanda problem olmasın. Dedilər, narahat olmayın, heç bir problem olmayacaq, uzaqbaşı 5-10 manat cərimə olunacaqsınız. Vəssalam, çıxıb getdilər. O gedən, bu gedən... 2 ay 15 gün orda qaldıq, bir də gəlmədilər. Azərbaycandan Gülhanəyə kursa gəlmiş həkim vardı. O bizə çox kömək etdi. Həkimə müraciət etmək lazım olanda ondan xahiş edirdik. Sol kəllə sümüyümdən üzümə - dəri altına sümük köçürtdülər. 8 saatlıq əməliyyat keçirtdim. Təzə vaxtlarda kələ-kötür idi. Qayıdandan sonra Azərbaycanda növbəti dəfə əməliyyat oldum, sümüyü hamarlaşdırdılar.
***
İlkinin hər iki gözü amputasiya olunub. Sol gözü tamam sıradan çıxsa da, sağ gözünün yerinə protez qoymaq mümkün idi. Bakıda onun sağ gözünə müvəqqəti protez qoyublar.
- Türkiyədə gözümə taxılan yumru bir şeyi çıxartmışdılar. Göz də belədir ki, protez olmasa, bir neçə ilə göz qapaqları bir-birinə birləşir. Ona görə də əmim narahat idi. Təkrar səfirliyimizə zəng etdi ki, bəs İlkinin gözünə protez lazımdır. Onlar dedilər, yox, siz qayıtmalısınız Azərbaycana, protez göz üçün təzədən gəlməlisiniz. Əmim dedi, axı bu nə problemdir ki, bir də Azərbaycana gedib qayıdaq?! Gəlmişkən həll edək bunu. Dedilər, yox, qayıtmalısınız. O azərbaycanlı həkimin vasitəsiylə protez göz düzəldən həkimə yaxınlaşdıq. Həkim mənə baxdı, elə sözlər dedi ki, yenə başımı aşağı salası oldum. İlk sualı bu oldu, hanı sizin səfirliyiniz? Dedi, bu protezlər elə də bahalı bir şey deyil. Türkiyə pulu ilə 600-700 TL edir. Ödəniş etmək üçün kassaya yaxınlaşanda dedilər, 1600 dollar. Kor-peşman gəldik həkimin yanına, dedik, bəs 1600 dollar dedilər, bizim buna gücümüz çatmır, qalsın. Dedi, narahat olmayın, gedin, hospitaldan çıxan günü gələrsiniz, dövlətinizin sizə etmədiyini mən sizin üçün edəcəyəm. Bir neçə gün keçmişdi, dedilər, filan həkim sizi çağırır. Getdik, dedi, İlkin gəl otur.
Həkim protezi çıxarıb taxır İlkinin gözünə. Sən demə, əlində artıq ləvazimatlar varmış, onlardan hazırlayıb.
- Əmim həkimə 200 dollar verdi. Götürmürdü, israr etdik, götürdü. Əmim yenə səfirliyimizə zəng elədi ki, bəs biz qayıtmalıyıq, İlkinə bilet alınmalıdır. Mənim biletimi dövlət, əmimin biletini özümüz aldıq. Gələndə qarşılamasalar da gedəndə səfirliyin 3-cü müavini, polkovnik-leytenant bizi yola saldı. Aeroportda məlum oldu ki, cəriməmiz var. Əmim səfirliyin nümayəndəsinə dedi, bəs biz sizə demişdik ki, bizi qeydiyyata alın, niyə almamısınız? Bu dəfə də səfirliyin əməkdaşı başını aşağı saldı. İkimizə 180 dollar cərimə ödədik. Gəldik Azərbaycana. Bakıda da bizi kimsə qarşılamadı, əmim taksi tutdu, gəldik bibimgilə. 7 ay yarım idi hospitalları gəzirdik. Əmim həm anam, həm də atam olmuşdu. Gecə qaldıq, səhər getdik hospitala. Sifətim yenidən əməliyyat olmalı idi.
Bakıda İlkin daha 2-3 əməliyyat keçirir. Ümumilikdə o, 10 ayda 9 əməliyyat keçirib. Bəzi əməliyyatları 12-13 saat çəkib.
- Sağ olsun, hərbi hissəm, 2015-ci ilin dekabrın 1-də tərxis oldum. Sağ olsun, cənab nazir, sağ olsun, prezidentim, "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən də "Vətən naminə medalları ilə təltif olunmuşam. Dekabrda hərbi hissəyə çağırıldım, böyük tədbir keçirtdilər, medalımı verdilər. Ordan gəldim Xaçmaza - əmimgilə.
***
Anadan olandan İlkinin evi olmayıb. Əvvəl atasına dəmir yolundan verilmiş evdə qalıblar, sonra Xaçmazda babasının evinə köçüblər. Daha sonrakı illərdə müxtəlif yerlərdə kirayə yaşayıb. Hazırda Xaçmazda əmisinin evində qalır, Bakıya gələndə isə bibisinin evində. Sənədləşmə işlərində Füzuliyə gedib-gəlmək həm maddi, həm də fiziki cəhətdən ona çətin olduğundan Xaçmaza - əmisinin evinə müvəqqəti qeydiyyata düşüb.
- Əmim kənd təsərrüfatı ilə məşğuldur. Yazda əkir, qışda yeyir. Bu dəfə mənə görə yazda əkə də bilməmişdi. Füzuliyə gedib-gəlməyə imkanımız yoxuydu. Füzulidə Qarabağ Əlillər Cəmiyyətinin sədri Əli müəllim var. Çox yaxşı adamdır. Soruşduq, bəs Xaçmazda bizə kim kömək edə bilər? Dedi, Xaçmaz rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Şöhrət var, o. 2016-cı ilin aprel ayında birinci qrup əlilliyim təsdiq olundu və o vaxtdan 468 manat təqaüd alıram, 165 manat da prezident təqaüdü. Neçə ildi əmimgildə qalıram, istəyirəm artıq öz evim olsun. Buna görə dəfələrlə aidiyyatı quruma müraciət etsəm də, müraciətimə baxılmayıb. Şöhrət müəllimdən dəfələrlə xahiş etmişəm ki, məni ev növbəsinə götürsün, götürmür. Bu gün-sabah deyib, yola verir. Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin müəllimin qəbuluna düşmək istədim, onlar da get-gələ saldılar. Bir dəfə yolda kanalizasiya quyusuna düşmüşəm. Şöhrət müəllimin vasitəsilə icra başçısının müavini İlham müəllim məni qəbul etdi. Dedi, nə problemin var? Dedim, cənab prezidentin mənə verdiyi imtiyazlardan istifadə etmək istəyirəm. İstəyirəm, ev, torpaq və maşın növbəsinə düşüm. Anam-bacım Bakıda kirayə qalır. Amma istəyirəm evim Xaçmazda olsun. Əmilərim ordadı. İdarələrə gedib-gəlirəm. İndiyə kimi veteranlıq kitabçamı almamışam. Harasa gedəndə əmilərim əlimdən tutub aparırlar. Xaçmaz mənə rahatdır, ora alışmışam.
İcra başçısının müavini İlkinin problemini dinləsə də, onun adı hələ də heç bir siyahıya salınmayıb. Nə ev, nə torpaq, nə də ki, maşın.
- Dəfələrlə buna görə Xaçmaz Rayon İcra Hakimiyyətinə getmişəm. Hər dəfə bir bəhanə ilə məni icra başçısı ilə görüşdürməyiblər. İlham müəllimin qəbuluna təkrar düşmək istədim, dedilər, çıxın ikinci mərtəbəyə. Pilləkənləri çıxanda kiminsə yanımdan ötüb keçdiyini hiss etdim. Yuxarı çatdıq ki, bəs xanım, İlham müəllimlə görüşmək istəyirik, dedi, indicə düşdü aşağı. Məni tanıdığı halda yanımdan səssiz ötmüşdü. Bilib ki, İlkin kordu, onu görməyəcək deyə səsini çıxartmadan keçib. Rəhman (dostunu nəzərdə tutur - L.M.) dünən lazımi sənədləri götürüb, poçtla yollayacaq. Görək bu dəfə necə olur...
***
Ara-sıra səfirlik söhbətində əsəbiləşsə də İlkin ümumən təmkinli idi. Hətta yaralandığı anı danışanda belə həyəcan keçirməmişdi. Lakin cəmiyyətin Qarabağ əlilinə münasibətini soruşanda təmkinini itirir, qəhərlənir, dodaqları əsir:
- Adam var, deyir, qardaş, ver əlini, səni dünyanın o başına da apararam, adam da var, 1 manatlıq yola 10 manat alır. Üzr istəyirəm, meşə çaqqalsız olmaz, sadəcə gərək çaqqalların sayı meşədəki ağaclardan çox olmaya.