ANS TV-nin Qarabağ bürosunun əməkdaşı gecə boyu cəbhəyanı kəndlərdə baş verənlər barədə canlı yayımda xəbər verir:
"Hazırda biz Tərtərin təmas xəttinə yaxın Qacıyan kəndindəyik. Ermənistan silahlı birləşmələrinin intensiv şəkildə artilleriya atəşinə məruz qoyduğu yaşayış məntəqələrindən biri də məhz Tərtərin Qacıyan kəndidir.
Erməni silahlılarının atdığı top mərmilərindən biri kənd sakinlərindən birinin həyətinə düşərək partlayıb və evin pəncərəsinin şüşələri sınıb. Xəstəxanalardan bildirilib ki, gecə boyu xəsarət alınma ilə bağlı hər hansı bir müraciət daxil olmayıb.
Tərtər rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları bildirir ki, artıq araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri barədə sonrakı buraxılışlarda ətraflı məlumat verəcəyik."
Cəbhənin Tərtər istiqamətində axşam saat 22:10-dan başlayan artileriya səsləri fasilələrlə gecə saat 02-29-a qədər davam edib.
Qoşunların təmas xəttində atəşkəs pozulandan etibarən ötən gün ANS TV-nin 3 çəkiliş qrupu müxtəlif istiqamətlərdə müşahidələr aparır. Tərtər istiqamətində müşahidələr aparan ANS TV-nin Qarabağ bürosunun müxbiri Ramil İbrahimov atəşə tutulan kəndlərdə olub.
Artilleriya zərbələri endirilən cəbhə bölgəsindəki evlərin sakinləri ANS TV-yə danışıblar. Onlar qorxmadıqlarını və sonuna qədər doğma torpaqlarında qalacaqlarını bildiriblər.
Çəkiliş zamanı ara-sıra atəş səsləri də eşidilir.