İran prezidenti Həsən Ruhaninin yaxın bir neçə ay ərzində Azərbaycana gələcəyi gözlənilir.
 
Unikal.org-un məlumatına görə, bu barədə İranın vitse-prezidenti Məsud Soltanifər Trend-ə bildirib.

"İran prezidenti Həsən Ruhani yaxın bir neçə aya Bakıya səfər edəcək. Onun bu dəfəki səfəri İran və Azərbaycan arasında əməkdaşlığın səviyyəsini yüksəldəcək", - deyə vitse-prezident qeyd edib.

Məsud Soltanifər onu da bildirib ki, Həsən Ruhani və Prezident İlham Əliyev son iki il ərzində altı dəfə görüşüblər. Onun sözlərinə görə, prezidentlər ikitərəfli əlaqələri dərinləşdirmək niyyətindədir.

Vitse-prezident onu da əlavə edib ki, Tehran və Bakı prezidentlərin görüşləri zamanı 40-dan çox saziş barədə razılıq əldə ediblər.

İranın vitse-prezidenti Məsud soltanifer aprelin 25-də BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakı ilə əlaqədar Bakıya səfər edib.