ABŞ prezidenti Barak Obama Rusiya ilə münasibətlərdən danışıb.
Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Minsk razılaşmasının şərtlərinə tam əməl edilincəyə qədər qüvvədə qalacağını bildirib.
"Mən ümid edirəm ki, Rusiya qonşularını qorxutmağın böyüklük olmadığını anlayacaq. Ümid edirəm ki, Rusiya aqressiv siyasətindən əl çəkib dünya dövlətləri ilə əməkdaşlıq edəcək", deyə Barak Obama Almaniyanın Hannover şəhərində Merkel, Olland, Cameron və İtaliyanın baş naziri Matteo Rençi ilə görüşündə bildirib.
Daha sonra Rusiyanın hərəkətlərinin Avropanın təhlükəsizliyini təhdid etdiyini vurğulayan Obama NATO-nun Rumıniya, Baltikyanı ölkələri və Polşanı müdafiə edəcəyini deyib. Ukraynanın məruz qaldığı rus aqressiyasından narahatlıq ifadə edən ABŞ prezidenti Minsk razılaşmasını Rusiyanın qəbul etməsinin vacibliyini söyləyib.