Xəbər verdiyimiz kimi, aprelin ayının əvvəllərindən bəri erməni silahlı bölmələri Azərbaycan cəbhə xəttində dayanmadan atəşkəs rejimini pozur.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, ermənilər daha çox Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə pozurlar.
Ötən gecə isə ermənilər ilk dəfə olaraq mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutublar. Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumatda bildirilir ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır: "Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür".
Ermənilərin ilk dəfə qadağan edilmiş sursatlardan istifadə etməsi müzakirələrə səbəb olub. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı "Qafqazinfo"ya bildirib ki, həmin qadağan olunmuş sursatlar mərmilərdir və onlar haqqında daha ətraflı informasiya ictimaiyyətə veriləcək.
Unikal.org-un məlumatına görə, "Qafqazinfo" həmin sursatların hansı fəlakətlərə səbəb olacağını araşdırıb.
Hərbi ekspert Üzeyir Cəfərov saytımıza açıqlamasında bildirib ki, beynəlxalq konvensiya ilə qadağan olunmuş elə sursatlar var ki, onlar təkcə dağıntı gətirmir, o cümlədən ətrafda olan canlıları da sıradan çıxarır: "Bu sursatlar insanın yaşamasını minumuma endirir. Onların partlması nəticəsində qəlpələr müəyyən radiusa səpələnir, həmin radiusdan yaralanmalar da olur. Orada insanın yaşama şansı olmur. Yəqin ki ermənilər o mərmilərdən istifadə ediblər. O mərmilərdən ətrafa saysız-hesabsız iynələr sıçrayır. Həmin iynələr insana dəyərsə onun yaşaması mümkün deyil. Müdafiə Nazirliyinin də göstərdiyi sursat daha çox içərisində zəhərli və kimyəvi maddələrin olmasını göstərən mərmiyə oxşayır".
Ekspert qeyd edib ki, həmin sursatlardan Azərbaycan Silahlı Qüvvələrində də var: "Amma biz onlardan istifadə etmirik. Həmin sursatlardan çox nadir hallarda və kritik situasiyalarda istifadə olunur. Bundan əlavə, qadağan olunmuş sursatlar deyəndə ilk növbədə nüvə silahı da başa düşülməməlidir. Hərçənd ki həmin silahlar da kimyəvi başlıqlıdır".
"Azeri Defence" hərbi texnoloji jurnalının baş redaktoru Rəşad Süleymanov isə deyir ki, ermənilər son illərdə dünyada kasetli silahların ləğvi ilə bağlı işlərin getdiyi dövrdə cəbhə xəttində kasetli silahları tətbiq ediblər. Artıq bu silahların tətbiqi dünyada hərbi cinayətlərdən hesab olunur: "Baxmayaraq ki, nə Azərbaycan, nə də Ermənistan kasetli silahların ləğvinə dair Konvensiyaya qoşulmayıblar, Azərbaycan bu silahlardan istifadə etmir. Əksinə, sovet ordusundan qalmış depolardakı bu tip sursatların ləğvini həyata keçirib.
Müdafiə Nazirliyinin nümayiş etdirdiyi fotoda yer alan sursatın ölçülərinə görə Çin istehsalı 273 mm-lik WM-80 reaktiv yaylım atəş sistemindən atılması ehtimal olunur.
Düzdür 122 mm-lik "Qrad" RYAS-ların və "Uraqan" sistemmlərinin də kasetli raketləri var. İnternetdə apardığımız araşdırmalar və hərbçilərlə dəqiqləşmələrdə onun daxilindəki döyüş elementlərinin bu tip olmadığını bildirdilər.
Hazırda ermənilərin Qarabağ ərazisində kasetli sursatllarla atəş aça bilən yeganə sistemi WM-80-dir. Söhbət elədiyim hərbçilər də bu sursatın Azərbaycan və Ermənistanın istifadəsində yer alan və faktiki olaraq son döyüşlərdə istifadə edilmiş artilleriya sistemlərindən heç birində olmadığını qeyd etdilər. Kasetli silahlar rəqibin canlı qüvvəsini və infrastruktrunu sıradan çıxarmaq üçün nəzərdə tutulur. Sursat bəlli məsafədə açılır və daxilindəki çox sayda sursat ətrafa səpələnir. Kasetli silahların acı nəticələri heç də piyadalar əleyhinə minalardan az deyil. Müharibədən sonra da qurbanları olur. Qeyd edək ki, bundan əvvəl Gürcüstanda, Yəməndə, Suriyada, Ukraynada dinc əhaliyə kasetli silahların tətbiqini beynəlxalq təşkilatların hesabatlarına salnıb".