Dövlət Gömrük Komitəsi (DGK) Türkiyədən Azərbaycana gətirilən 10 tonluq, 200 min dollarlıq qadın ayaqqabısı saxta sənədlərlə Rusiyaya aparılmaq adı altında guya Bakıda rəsmiləşdirilməsi barədə yayılan məlumatlata münasibət bildirib.
DGK mətbuat xidmətindən unikal.org-a verilən məlumatda deyilir ki, "Samur" gömrük postunda, Gürcüstan Respublikasından Rusiya Federasiyasına tranzit gömrük proseduru altında gedən "Mersedes Benz Atgeo" markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük avtomobilinə keçirilmiş gömrük baxışı zamanı, 10.150 kq çəkidə rezin tərliklər yükünün Türkiyə Respublikasında istehsal olduğu müəyyən edilmişdir. Lakin müşayiət sənədlərində yükün Gürcüstan istehsalı olduğu qeyd edilib.
Daha sonra məlumatda bildirilir: "Xaçmaz Gömrük İdarəsində sorğu-sual olunan sürücü Hüseynov Niyaməddin Əliheydər oğlu bildirmişdir ki, o, idarə etdiyi "Mersedes Benz Atgeo" markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasının Tiflis şəhərindən rezin tərliklər yükü götürərək, 30 mart 2016-cı il tarixdə "Sınıq Körpü" gömrük postundan keçməklə "tranzit" gömrük prosedurunda Azərbaycan Respublikasına daxil olmuşdur. Həmin gün təyinatı üzrə Rusiya Federasiyasına getmək üçün "Samur" gömrük postuna gəlmişdir. Burada yükə aid müşayiətedici sənədləri gömrük işçisinə təqdim etdikdən sonra yükə keçirilən baxış zamanı, rezin tərliklər yükünün Gürcüstan Respublikası istehsalı deyil, Türkiyə istehsalı olduğunu müəyyən edilmişdir. Hüseynov Niyaməddin Əliheydər oğlu yükü qəbul edərkən yanında olduğunu, lakin tərliklər olan bağlamaların üzərindəki yazılara fikir vermədiyini və bu səbəbdən də Türkiyə istehsalı olduğunu bilməyib.
Beləliklə də, Hüseynov Niyaməddin Əliheydər oğlu tranzit gömrük proseduru altında apardığı yüklə bağlı düzgün olmayan məlumatlar verib.
Bununla da, Hüseynov Niyaməddin Əliheydər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərədə tutulan inzibati xətaya yol verib.
Yuxarıda göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Niyaməddin Əliheydər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 300 manat məbləğində cərimə edilmiş, yük sənədlərində düzəliş edilməsi üçün geri qaytarılması qərara alınıb.
Həmçinin guya həmin yük təcili olaraq Bakıya aparılaraq Bakı Baş Gömrük İdarəsinin həyətində gömrük yoxlamasından keçirilməsi barədə məlumat yayılıb.
Onu da qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq cərimə ödənildikdən sonra yük maşını "Samur" gömrük postunun terminalına yönləndirilmiş və hazırda da o terminaldadır və yük sahibi avtomobili hələ də terminaldan çıxarmaq fikrində deyil.
Dövlət Gömrük Komitəsinə bu barədə sorğu aprel ayının 26-da saat 17 radələrində, iş gününün sonunda 195 çağrı mərkəzinin xəttilə daxil olub. Sorğu araşdırma tələb etdiyindən onu göndərən şəxsə də bu barədə ətraflı izahat verilib, aprelin 27-də günün birinci yarısında sorğunun cavablındırılacağı bildirilib.
Lakin sorğunu göndərən şəxs qanunun tələblərini nəzərə almadan, qarşı tərəfin mövqeyini dəqiqləşdirmədən məlumatı yaymaqla ictimailəşdirib və dolayısı ilə qanunvericiliyin tələblərini pozub. Yalan və böhtan xarakterli məlumat yayan bu informasiya portalı qanun qarşısında cavab verəcək".