Ermənistanın paytaxtında avtobusu partladan sərnişinin şəxsiyyəti müəyyənləşib. Ermənistanın istintaq komitəsinin əməkdaşı Sona Truzyan bu barədə yerli mətbuata açıqlamasında bildirib. 

Unikal.org-un Musavat.com-a istinadən məlumatına görə, ölən şəxslərlə bağlı araşdırmalar aparılarkən onlardan birinin partlayışda əlinin olması dəqiqləşib. Həmin şəxs 55 yaşlı Ruden Balyandır. Partlayış yerindən tapılan telefon kartının araşdırılmasından  sonra bu versiya tam təsdiqini tapıb. 

İstintaqın açıqlamasına görə, guya R.Balyan əslində anasını öldürmək istəyirmiş. Bununla da erməni hakimiyyəti ölkədə onsuz da gərginliyin pik həddə olduğu bir mərhələdə terror versiyasını tam istisna edir. Ancaq qonşularının Balyan ailəsini müsbət xarakterizə etmələri də istintaqın gəldiyi qənaətə şübhə ilə yanaşmağa əsas yaradır.

Avtobusdakı partlayışda ölən ikinci şəxsin isə 37 yaşlı İrəvan sakini Armen Oqanesyan olduğu təsdiqlənib. Qeyd edək ki, 25 apreldə İrəvanın mərkəzi küçələrindən birində törədilən partlayış nəticəsində 2 nəfər ölmüş, 8 nəfər yaralanmışdı.