SOCAR 2015-ci ildə mənfəət əldə etməyib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib. S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: "Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub".

Süleyman Qasımov bildirib ki, SOCAR-ın konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edir. Bura həm xarici, həm daxili borclar aiddir.

Şirkət rəsmisi bu ilin yanvar ayının 1-ə "Azərenerji" ASC-nin SOCAR-a 416 mln. manat borcunun olduğunu da vurğulayıb. Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam imzalayıb və dövlət subsidiyası hesabına borcun müəyyən bir hissəsi silinib: "Sərəncamdan sonra 314 milyon manat məbləğində yeni borc yarandı. Üstəlik, bu ilin ilk üç ayı ərzində borcun üzərinə 30 milyon manat gəlib. Nəticədə "Azərenerji"nin SOCAR-a təxminən 350 milyon manata yaxın borcu yaranıb".