Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un"reporta istinadən xəbərinə görə, 1988-ci il təvəllüdlü Hüseynov İdris Elxan oğlu idarə etdiyi "10-MF-363" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil ilə Zəngilan şəhərciyinə gedə yolda hərəkətdə olarkən qarşısına yolun bir hissəsində təmir tikinti işlərinin aparıldığı sahə çıxıb. Bu zaman sürücü dərhal əyləci sıxıb, lakin asfalt qatının üzərinə tökülmüş çınqıl daşları maşının sürüşməsinə səbəb olub. Nəticədə BMW yol kənarındakı işıq dirəyinə çırpılıb və naqillərdə yaranan qısa qapanma şəhərciyi müvəqqəti olaraq işıqsız qoyub. Sürücü ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.