Bu gün Nərimanov rayonu ərazisində biznesmenin iş yerində intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
"Dortek" mağazalarının sahibi olan 38 yaşlı Aslanov Bilal İsmayıl oğlu əslən Tovuz rayonundandır. O, bir neçə il əvvəl Bakıda biznes fəaliyyətinə başlayıb və Atatürk prospektindəki əsas mağazanı açıb. Bir müddət əvvəl isə "Dortek"in Təbriz küçəsindəki mağazası fəaliyyətə başlayıbmış.
Bildirilir ki, keçən ilki devalvasiyadan sonra "Dortek" mağazalarının da dövriyyəsi azalıb.
Yaxınlıqda işləyən şəxslər bildiriblər ki, B.Aslanov adəti üzrə səhər saatlarında mağazanın qapısını özü açıb. Daha sonra mağazaya gələn işçilər onun zirzəmidəki anbarda özünü asdığını müəyyənləşdiriblər.
Hadisə ilə bağlı B.Aslanovun qohumlarına daim mağazanın yaxınlığında dayanan və bəzi sifarişləri çatdıran taksi sürücüsü məlumat verib. İlk olaraq iş adamının qardaşına bu barədə xəbər verilib.
Bildirilir ki, iş adamının biznesi son vaxtlar xeyli zəifləyibmiş. O, Təbriz küçəsində də yeni mağaza açsa da, planlaşdırılan gəlirlilik əldə edilməyib. Bu səbəbdən də bir çoxları biznesmenin ziyan etdiyini və borca düşə biləcəyini, məhz bu səbəbdən də həyatına qəsd edə biləcəyini düşünür.
Mağazaya baş çəkən saytın əməkdaşına o da bildirilib ki, səhər saatlarında istintaqçılar müvafiq araşdırmalar apardıqdan sonra mağaza bağlanıb.
Qeyd edək ki, B.Aslanovun 2 övladı varmış.