DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, həbsxanada intihar etdiyi açıqlanan qanqster Hacı Məmmədovun meyitinin ailəsinə təhvil verilməsi və gözlənilən dəfni ətrafında qeyri-müəyyən vəziyyət davam edir.
Xəbər verdiyimiz kimi Hacı Məmmədovun qohumu Leyla Məmmədova virtualaz.org-a açıqlamasında onun ölümü ilə bağlı hələlik Penitensiar Xidmətdən və digər strukturlardan rəsmi məlumat almadıqlarını, bu haqda ancaq mətbuatdan oxuduqlarını deyib. "Qafqazinfo saytı isə iddia edir ki, H.Məmmədov bu gün saat 15.00-da Saray qəsəbəsində, atasının məzarı yaxınlığında dəfn olunacaq.
Unikal.org xəbər verir ki, Virtualaz.org saytının əməkdaşı Saray qəbiristanlığına baş çəkib və Hacı Məmmədovun atasının məzarını tapıb. Bu, türbəni xatırladan qəbirüstü tikilidir. Orada H.Məmmədovun atası Məmmədov Məşədi Teymur Hacıağa oğlu və anası Məmmədova Almasxanım dəfn olunublar. Türbədə daha bir məzar var, amma boşdur. Vaxtilə H.Məmmədovun anası vəfat edəndə oğlunun onun yanında həmin məzarda dəfn edilməsini vəsiyyət edibmiş. Bu baxımdan gözlənilir ki, H.Məmmədov məhz həmin boş məzarda basdırılacaq.
Lakin əməkdaşımız xəbər verir ki, hazırda həmin türbənin ətrafında dəfnlə bağlı heç bir hazırlıqlar getmir, H.Məmmədovun yaxınlarından orada heç kim yoxdur. Qəbiristanlığın girişində isə post-patrul avtomobili keşik çəkir. Əlavə təhlükəsizlik tədirləri nəzərə çarpmır.
Məlumata görə H.Məmmədovun meyiti hazırda Yasamal rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsindədir. Onun ailə üzvlərindən hələlik heç kim meyiti götürmək üçün getməyib.