Xəbər verdiyimiz kimi, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. Nəticədə K. Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, sürücü isə olay yerindən qaçıb.
Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Unikal.org qəza törədən avtomobilin fotolarını əldə edib. Əməkdaşımız hazırda cərimə meydançasında olan maşını çəkmək istəsə də Səbail rayon polis idarəsindən buna icazə verilməyib.
Qeyd edək ki, şəhid Elton Əkbərovun qızı 1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokeemarkalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimov iş adamı Akif Rəhimovun oğludur. R.Rəhimlinin atası "Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.
Amid Əyyuboğlu