Erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən cəbhə xətti boyu Ağdam, xüsusən də Tərtər istiqamətində atəşkəsi tez-tez pozmasının və gərginlik yaratmağa çalışmasının əsas iki səbəbi var. Bunlardan biri "Cilovlama doktrinası" çərçivəsində planları həyata keçirmək, ikincisi, Azərbaycanın strateji enerji və nəqliyyat layihələrinə zərbə vurmaqdır.
Unikal.org xəbər verir ki, bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.
Ekspert qeyd edib ki, son dövrlərdə erməni hərbi qüvvələrinin Azərbaycan Ordusunun qarşısında tab gətirməməsi Ermənistan ordusu tərəfindən yeni "Cilovlama doktrinası"nın qəbul edilməsinə səbəb oldu: "Bu doktrinanın əsas mahiyyəti ermənilərin Azərbaycanı "cilovlaya bilməsi" üçün cəbhə xəttinə yaxın kəndləri faktiki bombardman etməkdir. Məqsəd nəticədə kəndlərdə əhali arasında vahimə yaratmaq, 25 il əvvəl olduğu kimi insanların kəndlərdən və şəhərlərdən qaçmasına, Azərbaycanda siyasi hərc-mərcliyə nail olmaqdır. Son zamanlar erməni mətbuatında guya azərbaycanlılar arasında olan telefon danışıqlarının səsinin yayılması da bunu sübut edən detallardan biridir. Səs yazılarında iki qadının danışığı eşidilir və deyilir ki, guya Azərbaycan tərəfdə ölənlər çoxdur, camaat qaçır, hökumət hara baxır və s. Bütün bunlar həmin doktrinanı dəstəkləyən informasiya müharibəsinin tərkib hissəsidir.
Ermənilərin Ağdam, xüsusən də Tərtər istiqamətində gərginlik yaratmağa çalışması, yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoymasının da əsas səbəbi budur ki, cəbhə xətti boyu erməni mövqelərinə ən yaxın kəndlərimiz məhz o istiqamətdə yerləşir. Onlar indi hətta Tərtər şəhərini də hədəf alıblar. Ermənilər istəyirlər ki, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar arasında vahimə, qorxu yaransın, insanlar qaçıb hökumətə əlavə yük olsunlar. Dövlətin başı qaçqınlara qarışsın, ermənilər də istədiklərini diktə etsinlər".
E.Ələsgərovun fikrincə, burada başqa bir strateji məqam da var: "Ermənilər bizi hər zaman hədələyiblər ki, Gəncəyə yaxın ərazilərdən keçən neft və qaz kəmərlərini, yolları bombardman edib Azərbaycanı neft-qaz və nəqliyyat dəhlizləri layihələrindən məhrum edəcəklər. Deyilən ərazilərə ən qısa yol isə məhz Tərtər istiqamətindən keçir. Ona görə də hərbi əməliyyatlarda məhz həmin istiqamətə ağırlıq verirlər. Lakin onların bu niyyətləri baş tutmur. Ordumuz ermənilərə layiqli cavablar verir. Cəbhədə Ermənistan hərbçiləri arasında itkilər də bunu sübut edir ki, Azərbaycan Ordusu artıq 20-25 il əvvəlki ordu deyil. Yerli əhali isə qaçmaq barədə heç düşünmək belə istəmir. Beləliklə, ermənilərin bu planları da iflasa uğrayır".