"Erəmənistan məsələni uzadarsa və problemi həll etməkdən imtina edərsə bu zaman onun üçün çox ağır günlər başlayacaq".
Bu fikirləri Unikal.org-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.  
 
Millət vəkilinin sözlərinə görə, Ermənistan başa düşür ki, işğal etdiyi torpaqları geri qaytarmağa məcburdur: "Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan güclü olduğunu və qarşısına qoyduğu məqsədə çata bildiyini sübut etdi. Eyni zamanda Ermənistan cəmiyyətinin içində də artıq əvvəlki əhval ruhiyyə mövcud deyil. Hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli sürəti çoxalıb. Bunun hərbi və ya diplomatik yolla baş tutacağını demək çətindir. Bütün hallarda problemin həllinə çox az qalıb. Ermənistan başa düşür ki, işğal etdiyi torpaqları geri qaytarmağa məcburdur. Birincisi, onun atdığı addımlar beynəlxalq hüquqa ziddir. Çünki başqa dövlətin torpaqlarını işğal edib. İkincisi, dünyanın heç bir dövləti Ermənistanın avantürasına dəstək vermək fikrində deyil. Rusiya birmənalı şəkildə həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər saxlamaq istədiyini bildirdi. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Təşkilatının rəhbərliyi Ermənistana ancaq onun sərhəddinə hücum olacağı  təqdirdə kömək edəcəyini bildirdi. Ermənistan seçim etməlidir. Onların hələ bir qədər vaxtı var. Erəmənistan məsələni uzadarsa və problemi həll etməkdən imtina edərsə bu zaman onun üçün çox ağır günlər başlayacaq". 

Həsən Babayev