Bu gün Azərbaycan Kooperasiya Universitetində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 93-cü il ildönümünə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasətin uğurla reallaşdırılmasında gənclərin qarşısında duran vəzifələr" mövzusunda elmi konfrans keçirilib.
Unikal.org xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları universitetin həyətində Heydər Əliyevin büstü önünə tər güllər qoyaraq onun xatirəsini yad ediblər.
Konfrans universitetin böyük iclas zalında dövlət himnin sədaları altında öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili, professor Eldar Quliyev bunları deyib:.
"Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus düha idi. Bu dahi şəxsiyyət sovet rejiminin onun millətini necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoydu. 1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi"
Eldar Quliyev onu da qeyd edib ki, Heydər Əliyevin xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək tədqiq etmək mümkün deyil.
"Bu şəxsiyyətin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün zaman tələb olunur. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir".
Konfransın davamında digər çıxış edənlər də Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan və onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışaraq, bu siyasi kursun hələ yüz illərlə Azərbaycanı inkişaf etdirəcəyinə əmin olduqlarını bildiriblər.