Nəqliyyat nazirinin səlahiyyətlərini itirməsi səhhətinə də mənfi təsir edib

 

Məlum olduğu kimi, Nəqliyyat naziri Ziya Məmmədov son bir il ərzində xeyli səlahiyyətini itirib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Azəryolservis" ASC və digər strukturların Nəqliyyat Nazirliyinin balansından alınması ciddi hadisədir. Bunların ardınca, Nəqliyyat departamentinin ləğvi, Beynəlxalq Avtovağzal Kompleksinin də Ziya Məmmədovdan alınması, Bakıda sərnişindaşıma prosesindən nazirin himayədarlıq etdiyi şirkətin uzaqlaşdırılması da önəmli məqamlardandır. Nəqliyyat nazirinə vurulan zərbələr bununla bitmir. Çünki bir vaxtlar böyük bir imperiyaya rəhbərlik edən Ziya Məmmədovun hazırda nazirliyini inzibati binasından başqa heç yerdə hökmü keçmir. Bəlkə də elə bu səbəbdən də Ziya Məmmədov son dövrlər daha aqressiv davranışlar nümayiş etdirir. Diqqətli oxucular xatırlayar ki, MTN adı ətrafında yaranan qalmaqaldan öncə Ziya Məmmədov mətbuatın bir nömrəli hədəfi idi. Hətta onun yaxın günlərdə istefaya göndəriləcəyi ilə bağlı iddialar səslənirdi. Amma MTN məsələsi daha böyük miqyaslı hadisə olduğuna görə nəqliyyat naziri kölgədə qaldı və karyerasını davam etdirmək şansı qazandı. Həmin dönəmdə jurnalistlərə «Nə oldu, bəs deyirdiniz ki, işdən çıxarılmışam?» ironik bir cavab da vermişdi. Amma Ziya Məmmədov nazir kürsüsünü qoruya bilsə də, demək olar ki, bütün səlahiyyətlərini itirmiş bir qurum rəhbərinə çevrildi. Sözsüz ki, bir müddət öncəyə qədər böyük bir imperiyaya hökm edən bir şəxsin inzibati binadan başqa heç yerdə səlahiyyəti olmayan şəxsə çevrilməsi həzm olunan məsələ deyil. Sözsüz ki, Z.Məmmədovun düşdüyü bu vəziyyət nazirə əlavə problemlər də yaradıb. «Unikal»ın məlumatına görə qısa müddət ərzində səlahiyyətlərini itirən nazirin əsəbləri pozulub. Bu barədə bizə məlumat verən nazirə yaxın şəxslərdən biri deyib ki, Ziya Məmmədov son vaxtlar həddindən artıq əsəbi olub. Belə ki, o, həm nazirlikdə, həm də qeyri-rəsmi dairələrdə aqressiv davranışlar nümayiş etdirir. Onun aqressiyası bu günlərdə mətbuatda da öz əksini tapmışdı.

 

Belə ki, unikal.org-un əməkdaşına açıqlama verən nazir əsəblərini cilovlaya bilməyərək yüksək rütbəli dövlət məmuruna yaraşmayan tərzdə jurnalisti təhqir etmişdi. Son dövrlər baş verənlərlə bağlı unikal.org-un əməkdaşı Ziya Məmmədovdan açıqlama almaq istəyib. Nazir telefonda jurnalistə bu formada cavab verib: "Bəsdirin, məni bezdirdiniz. Abrınız, həyanız olsun. Bir açıqlama verən kimi bütün mətbuat məndən yazır. Yorulmuşam artıq". Göründüyü kimi, Z.Məmmədov psixoloji cəhətdən o qədər gərgindir ki, hətta mətbuat nümayəndələrinin suallarına normal cavab verə bilmir. Halbuki KİV haqqında qanuna görə dövlət məmuru mətbuat nümayəndələrinin suallarına cavab verməyə borcludur. Amma Z.Məmmədov nəinki bu vəzifə borcunu yerinə yetirir, əksinə, jurnalistə kobud cavab verərək təhqir edib.

Azərbaycan mətbuatında Ziya Məmmədovla ən çöx ünsiyyəti olan və gündəmi zəbt edən müsahibələrin müəllifi olan «Unikal» qəzetinin baş redaktoru Asəf Rzayev bizimlə söhbətində bildirib ki, nəqliyyat nazirinin son davranışları başadüşülən deyil: «Bir nazir kimi mənim Ziya Məmmədova böyük hörmətim var. İndiyə kimi bir neçə dəfə söhbətimiz olub. Hətta elə müsahibələrimiz olub ki, gündəmə bomba kimi düşüb. Yəni, «Unikal» olaraq, Ziya Məmmədovla aramızda hər hansı bir problem olmayıb. Mətbuatın böyük hissəsi onunla bağlı tənqidi fikirlər yayanda biz onun mövqeyini ictimailəşdirmişik. Amma son dövrlər Ziya müəllimin davranışlarında qəbulolunmaz məqamlar sezilir. İnsandır, hər şey ola bilər. Yəqin ki,bir sıra səlahiyyətlərini itirməsi nazirə pis təsir edib. Bu səbəbdən də əsəbləri gərgindir. Ona görə də sonuncu dəfə sualımıza kobud cavab verdi. Mən mütəxəssis deyiləm, amma psixoloqlar bu gərginliyin səbəblərini aydınlaşdıra bilər».

 

Məsələylə bağlı "Unikala" münasibət bildirən psixoloq Dəyanət Rzayev vəzifədən kənarlaşdırılan və yaxud səlahiyyətlərini itirən məmurların psixologiyasında dəyişikliklərin olmasını mümkün sayır. Onun sözlərinə görə, bu cür şəxslər əsasən aqressiv olurlar: «Keçmiş Sovetlər Birliyində məmurları vəzifədən uzaqlaşdıranda onlar ölürdülər, çox yaşamırdılar. Bilmirəm bunu qərəzli edirdilər ya yox. Ola bilsin müəyyən sirləri bildikləri üçün onlara qarşı bu addımı atırdılar. İnsan belə varlıqdır ki, əlindən səlahiyyət alındıqda onun psixikasına çox mənfi təsir göstərir. Bundan sonra özünü narahat hiss edir, müəyyən problemlər yaşayır. Belə vəziyyətdə olan insan ətrafındakılarla aqressiv davrana bilər. Şəxsin səlahiyyətləri əlindən alındıqda, vəzifədən uzaqlaşdırıldıqda güclü stress yaşayır. Stress orqanizmin ümumi ablitasion sindromudur. Yeni həyata uyğunlaşana qədər müəyyən narahatçılıq yaşayır. Vəifədən uzaqlaşandan və ya səlahiyyətləri əlindən alındıqdan sonra onun sözü keçmir, ona bahalı maşınlar artıq bağışlanmır, ətrafında yaltaqlar azalır. Bu da həmin şəxsdə ciddi aqressiyalar yaradır». Mütəxəssis onu da bildirib ki, insan vəzifədən uzaqlaşdırılandan az müddət sonra xəstəxanalıq olur, ciddi ürək problemləri yaranır. Onun sözlərinə görə, infarkt və digər halların baş verməsi də müşahidə oluna bilir. Psixoloq deyir ki, hansısa məmurun vəzifədən uzaqlaşdırılması, böyük səlahiyyətlərinin əlindən alınması kiçik məsələ deyil. Bu şəxslərdə ciddi psixoloji dəyişikliklərin baş verməsi qaçılmazdır. Bu vəziyyətlərdə insan özünə qapana, ətrafına, yaxınlarına qarşı aqressiya göstərə bilər.

 

Qərib Gərayzadə