Qadın voleybolçulardan ibarət Fransa millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Maqali Maqel Avropa Liqasında Azərbaycan, Monteneqro və İspaniya ilə oyunlar üçün 15 oyunçuya dəvət göndərib.
 
Yerli "Myulhous" klubunu da çalışdıran mütəxəssis Fransa çempionu "Kann"dan cəmi 1 voleybolçunu düşərgəyə dəvət etdiyi halda, 1 legionerlə də kifayətlənib. O, iyunun 3-də başlayacaq yarışda Aleksand Roşelye, Polin Martin, Xelen Kazaut (hər üçü Beziers), Tifayn Sevin (İstr), Kristina Bauer (Pyaçentsa, İtaliya), İsalin Sager-Veyder (Nansi), Mayeva Orle, Astrid Soplay (Myulhous), Yelizabet Fedel (Kannet), Nina Stojiljkoviç, Marion Rat, Klementina Druenn (hər üçü Nant), Debora Ortşitt (Kann), Aleksandra Daskalu və Loran Delabarra (hər ikisi Paris) gücənəcək.
 
Maqelin sözlərinə görə, təcrübəlilərlə gənclərin sintezindən qurulan komanda mərhələ adlamaq gücündədi: "Kristina Bauer bizim üçün çox vacib oyunçudu. Komandada belə bir liderin olması zəruridi. O, öz oyunu ilə yanaşı, yığmanı da öz arxasınca apara bilir. İtaliya və Türkiyədə topladığı zəngin təcrübə ona bütün komandaya kömək etməyə imkan verir. Millimizin digər təcrübəli üzvləri Debora Ortşitt və Aleksandra Roşel yaxşı oyun nümayiş etdirirlər. Komandaya faydalı ola biləcəklər. Belə təcrübəli oyunçularla gənclərin sintezini qurub, Avropa Liqasında uğurlu nəticə əldə etməyə ümidliyik. Düşünürəm ki, Monteneqro, Azərbaycan və İspaniya ilə qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gələ bilərik".
 
Qeyd edək ki, yarışın açılış oyununda Azərbaycan Fransa ilə oynayacaq.