Dindirmənin davamında keçmiş müstəntiq Vüqar Abbasov qeyd edib ki, R.Rəhimov hadisədən 20 gün sonra könüllə şəkildən istintaqa gəlib: "Birinci dəfə etiraf etmirdi, sadəcə istintaqa cəlb olundu. İlkin ifadəsini aldıq. Sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki rəhbərliyə məruzə edilmişdi".

Unikal.org report-a istinadən xəbər verir ki, V.Abbasov bildirib ki, R.Rəhimovun atası könüllü şəkildə idarəyə gəlib, oğlunun qəza törətdiyini etiraf edib: "Atasına oğlunu gətirməsini dedik. Noyabrın 14-də axtarışa verdik, 20 günə gəldi. Rəhim istintaqa gələnə qədər onun atası ilə iki dəfə iş yerində görüşdük. İkinci dəfə görüşümüz zamanı oğluna kömək etməyimi istədi. Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar gedib, lakin o, həmin yerdə tapılmayıb".

R.Rəhimov söyləyib ki, hadisəni törədəndən sonra hər gün təhsil aldığı univeristetə gedib: "Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi, iki dostumu düz yanımda apardılar ifadə almağa. Lakin mənə heç kim heç nə demədi"

Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.

11:30

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüqar Abbasov ifadə verib. O, Bakı şəhər Baş Polis İdarəsinin sərəncamında olduğunu, əvvəllər Səbail rayon Polis İdarəsinin müstəntiqi olduğunu deyib. Bildirib ki, təqsirləndirilən şəxsi cinayət işinin istintaqı zamanı tanıyıb: "Hadisə noyabrın 8-də baş verib. Mənə məlumat verilən kimi hadisə yerinə getdik. Avtomaşının nömrəsi üzərində deyildi, baqajdan çıxdı. Sürücünü soruşdum, orada yox idi. Sonra Əmrulla adında bir nəfər gəldi və o, sürücü olduğunu dedi. Əmrullanı dindirən zaman bildim ki, yalan danışır. Mən onun ifadəsini aldım və cinayət işi başladım. Bundan sonra rəhbərliyə məlumat verdim. Sonra təqsirləndirilən şəxs müəyyən edildi və axtarışa verildi. Rəhim özü gəlib təslim oldu və biz cinayət işini tamamlayıb məhkəməyə göndərdik".


Proses davam edir.


Qeyd edək ki, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Elton qızı Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Jeep Grand Cherokee markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.

Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.

R. Rəhimovun atası Akif Rəhimovun "Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

K. Əkbərova şəhid Elton Əkbərovun qızıdır.