Xəzər dənizində yerləşən strateji məkanların yaxınlığında qanunsuz olaraq balıq ovlayan 38 yaşlı Xanmurad Xanalıyev saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

O, saxlanılan zaman xüsusi "Yamaha-40"mühərriki ilə təchiz edilmiş katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşları həmin şəxsi saxlayıb.

Katerə baxış zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq və istifadəsi qadağan edilən balıqovlama vasitələri götürülüb.

Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə Abşeron rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və həmyaşıdı Tərlan Səttarov da müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onların balıqovlama biletlərinin olmadığı müəyyən edilib. Baxış zamanı həmin şəxslərdən 93 ədəd balıq, istifadəsi qadağan edilən sintetik tor və digər ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.