Albaniya Prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək.

Bu barədə unikal.org-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Albaniya prezidentinin Azərbaycana səfəri nəzərdə tutulub. İ.Metanın forumda Balkan regionunda mövcud geosiyasi vəziyyətə həsr olunan panel müzakirələrdə iştirakı gözlənilir. Tədbir çərçivəsində həmçinin, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Forumun işində İ.Meta ilə yanaşı, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin iştirakı gözlənilir. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Albaniyanın sabiq prezidentləri Pexhep Meidani, Sali Berişa, Bamir Topi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür və onlar əvvəlki forumlarda, təşkilatın digər toplantılarında təmsil olunublar.

Xatırladaq ki, ötən ilin aprelindən ölkəsinə rəhbərlik edən İ.Meta daha əvvəl Albaniyanın baş naziri, xarici işlər naziri və parlamentin sədri vəzifələrində çalışıb.