"Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır.
Unikal.org-un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir.
M.Pənahov vurğulayıb ki, ölkə Prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb: "Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var.
"Seçkilərdə dairə seçki komissiyalarının maarifləndirilməsi daim aparılmalıdır. Seçkiləri çox yaxşı hazırlaya bilərik. Bu işə qiymət isə səsvermə günü verilir. Yəni iş necə təşkil olunubsa, səsvermə günü aydın görünür. Çalışırıq ki, seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Kifayət qədər qərəzli tərəflər olur. Bunun üçün mübarizə aparmaq olmaz. Demokratiya heç bir ölkənin daxili məsələsi deyil, ümumbəşəri dəyərdir, -deyə, M.Pənahov əlavə edib.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.