Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olunub.
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda "Əsrin müqaviləsinin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə görüşünü xatırladıb və TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğulayıb. Dövlət başçısı tezliklə "Şahdəniz-2 yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirib.
Nazir Berat Albayrak "Əsrin müqaviləsinin müddətinin uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini qeyd edib. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını deyib.
Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.