Dövlət İmtahan Mərkəzi ekspert bazasını zənginləşdirmək məqsədilə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün keçirilən imtahanlar zamanı musiqi sənəti, memarlıq və dizayn, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə ekspert kimi iştirak etmək istəyən, ali və orta ixtisas təhsili müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqları və birliklərində, rəsm qalereyalarında, muzeylərdə çalışan mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin etmək məqsədilə müsabiqə elan edir. 

DİM-dən Unikal.org-a verilən məlumata görə, müraciət edən ekspertlər müvafiq sahə üzrə ali təhsillə yanaşı, elmi dərəcəyə malik olmalıdırlar və ya onların ən azı 5 illik pedaqoji iş təcrübəsi olmalıdır.

Mütəxəssislər iş üçün müraciət anketini doldurmaqla, onu martın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə cavab verən mütəxəssislər DİM-ə müsahibəyə dəvət olunacaq.