Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransı çərçivəsində Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüş zamanı Aİ ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə səfərini xatırladaraq, bu səfərin Azərbaycan və Aİ arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində bütün tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycanın vahid prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə ifadə olunan dəstəyin təqdir olunduğunu deyib. Elmar Məmmədyarov həmsöhbətə bu ilin 11 aprel tarixində konstitusiyaya uyğun olaraq ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə məlumat verib.

Görüşdə Azərbaycan və Aİ arasında tərəfdaşlığa dair Saziş layihəsi üzrə aparılan danışıqlara toxunulub.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar və Bakıda 15 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının IV nazirlər iclasının uğurla keçdiyini vurğulayıblar. Uzlaşma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir-yolu və Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Enerji məsələləri ilə bərabər təhlükəsizlik və nəqliyyat sahələrində də Aİ ilə Azərbaycan arasında dialoq mexanizminin yaradılması müsbət addım kimi qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cari danışıqlar barədə məlumata verərək işğala əsaslanan mövcud status-kvonun dəyişdirilməsi və münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.