Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Belə ki, Gəncə prospekti ilə hərəkət edən 44 nömrəli marşrut avtobusu piyada keçidində 1993-cü il təvəllüdlü Ruslan Kamayevi vurub. Zərbənin təsirindən piyada bir neçə metr yoldan kənara düşüb. Ağır bədən xəsarətləri alan R.Kamayev əraziyə çağırılan təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya dərhal müdaxilə edilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı avtobusun əyləcində problem yaranıb. Piyadanı vurmamaq üçün əyləcə basan sürücü qəzadan yayınmaq istəsə də, bu mümkün olmayıb. Təxminən 15 metr sürüşən avtobus piyadanı vurub.
Hadisəsən sonra avtobusun sürücüsü saxlanılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.