AFFA-nın baş katibi ona göstərilən etimadı doğrulda bilmədi

Məlum olduğu kimi, dünən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start verilib. A və B qrupunun komandaları I turun oyununa çıxıblar. A qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Portuqaliya ilə qarşılaşıb. Oyun 0:5 hesabı ilə Portuqaliya yığmasının qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının Açılış Mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və nəvələri də iştirak ediblər. Bədii hissədən sonra , açılış Mərasimi başa çatıb. Mərasimin ardından Azərbaycan və Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmaları meydana daxil olublar və oyun başlayıb.

Oyunu Prezident İlham Əliyev və ailə üzvləri də izləyiblər. Öz meydanında bir komandanın rəqibə 5-0 hesabı ilə məğlub olması həqiqətən də biabırçılıqdır. Təbii ki, idmanda qələbə də, məğlubiyyət də ola bilər. Lakin külli miqdarda vəsait ayrıldığı təqdirdə hər hansı bir irəliləyişin olmaması suallar doğurur. Əgər Azərbaycan futbolun inkişafına bu qədər pul ayrılırsa, nəyə görə irəliləyiş yoxdur? Azərbaycan yığması niyə futbolda irəliləyə bilmir? Bu sahəyə ayrılan vəsaitin idarə olunmasında nəyə görə şəffaflıq yoxdur? Buk imi suallar çoxdur.

 

Unikal.org-un apardığı araşdırma nəticəsində bu fiaskonun əsl səbəbi üzə çıxıb. Bu ağır məğlubiyyətə görə, AFFA-nın baş katibi Elxan Məmmədov məsuliyyət daşıyır. Çünki Azərbaycan futboluna ayrılan vəsait məhz, onun nəzarətinə verilir və xərclənməsi missiyasını da o həyata keçirir. Amma görünən odur ki, Elxan Məmmədov ona verilən etimadı doğrultmayıb. Çünki futbolun inkişafına ayrılan vəsait təyinatı üzrə xərclənsəydi, məğlubiyyət bu səviyyədə olmazdı. Əslində, Elxan Məmmədovun yol verdiyi yeyintilərlə bağlı mətbuatda kifayət qədər təkzibolnumaz faktlar var. Onun milyonlarla dəyəri olan villalara, bahalı maşınlara sahib olması və bunları aldığı əmək haqqı ilə əldə etməyin mümkünsüz olduğu gün kimi aydındır.

Bu barədə unikal.org-u bilgiləndirən şəxs deyir ki, Elxan Məmmədov nəzarətinə verilən pulun böyük bir hissəsini şəxsi vəsaiti kimi xərcləyir. Amma onun xərclənən pulların kağız üzərində «smeta» tutmaq barədə böyük «istedadı» var. Yəni, sənədlərə nəzər yetirəndə xeyli layihələrin həll olunduğunu görmək olar. Ancaq reallıqda isə heç bir iş görülməyib. E.Məmmədov bir o qədər də lazım olmayan idman CBC telekanalı vasitəsiylə milyonlar "silinir". Halbuki, futbolun inkişafı üçün daha ciddi layihələr həyata keçirmək olardı.

Onu da nəzərə çatdıraq ki, 2005-2015-ci illləri əhatə edən dövlət proqramının icrasına 5 milyard manat pul ayrılmışdı ki, həmin vəsaitin necə xərclənməsi və nəticəsi ortada deyil. Ekspertlər də bildirirlər ki, on illik dövlət proqramı necə icra olundusa, dağılmış klublarımızın sayı yaradılmış klubların sayını ötüb keçdi. Ən pisi odur ki, ölkəmizi Çempionlar Liqasında, Avroliqada təmsil etmiş "Şəmkir", "Viləş", "Xəzri", "Simurq", həmçinin, birinci dəstənin qalibi olmuş "Araz Naxçıvan" tarixə qovuşdular. İnkişaf adına layiq olanlar isə daha diqqətçəkəndir. Yəni, Elxan Məmmədovun yanlış siyasəti yenilik və inkişaf əvəsizə fiasko və məğlubiyyət gətirib. Sözsüz ki, bu dağıdıcılıq siyasətinin hesabı bir gün sorulacaq.

 

Elvin Rüstəmov