Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Milli Məclisin bu gün keçirilən iclasında 18 faiz Əlavə Dəyər Vergisinin (ƏDV) bir sıra məhsullardan azad olunmasını təklif edib.
Unikal.org xəbər verir ki, C. Qurbanov bildirib ki, ucdantutma hər şeyə 18 faizlik ƏDV-ni tətbiq etmək düzgün deyil: "Düzdür, elə məhsullar var ki, 25-30 faiz ƏDV tətbiq oluna bilər. Amma elə məhsullar var ki, bu problem yaradır. Məsələn, biz dəmir yolları üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur. Bu məhsullar bizdə yoxdur. Sosial məsələ baxımdan biz biletlərin qiymətini qaldırmaq istəmirik. Amma gömrük rüsumları, 18 faizlik ƏDV dəmir yolunu bankrota gətirib çıxara bilər. Orada baza göstərilməlidir ki, lazım olanda ƏDV ləğv olunsun".

Millət vəkili Vahid Əhmədov da 18 faizlik ƏDV-nin əleyhinə çıxıb: "ƏDV-nin 18 faiz olması Azərbycan iqtisadiyyatına çox böyük ziyan vurur. Elə məhsullar var ki, onlara ƏDV-nin 18 faiz tətbiq edilməsi yüksəkdir. Azərbaycan üçün lazım olan qida və digər məsələlərdə differensiallaşdırmış ƏDV tətbiq olunmalıdır. Bu sıfır, ya da bir-iki faiz olmalıdır".
 
Millət vəkili Adil Əliyev deyib ki, manatın devalvasiyasından sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib. Mən Nərimanov rayonundan seçilmiş bir millət vəkiili kimi deyə bilərəm ki, bu ərazidə devalvasiyalardan sonra bütün kiçik dükan sahibləri mağazalarını bağlayıblar.

Onun sözlərinə görə, ya kiçik sahibkarlara amnistiya verilsin, ya da onlar 1-2 illik vergi ödəməkdən azad edilsinlər: "Həmin dükanların bağlanmasının nə dövlətə, nə əhaliyə xeyri yoxdur. Çünki kiçik bizneslə məşğul olanlar dükanlarını icarəyə verir, orada işçilər çalışır və.s. Onların işsiz qalması heç bir halda yaxşı hal deyil".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, millət vəkillərinin Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini vergilər naziri Fazil Məmmədova məktubla ünvanlayıb: "Artıq nazirin tapşırığı ilə mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb və məsələ üzərində iş gedir".