Azərbaycan Mətbuat Şurasının VII qurultayı baş tutub. 

Unikal.org-un xəbərinə görə, qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. O, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib. Daha sonra Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.

Sonra 3 nəfərdən ibarət Katiblik yaradılıb, 3 nəfərdən ibarət Mandat komissiyası, 5 nəfərdən ibarət Say komissiyası formalaşdırılıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatla çıxış edib. O, Şuranın keçdiyi inkişaf yoluna nəzər salıb, görülən işlər barədə məlumat verib.

Çıxış edən "Ədalət qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas reket jurnalistlərə qarşı daha ciddi mübarizə aparılmasını təklif edib. O, çap mediasına ayrılan maliyyənin də artırılmasını təklif edib.

"Azərbaycan qəzetinin Bəxtiyar Sadıqov da ölkə jurnalistikasının inkişafından söz açıb. O bildirib ki, Azərbaycan mediası dövlətin dəstəyi sayəsində xeyli inkişaf edib.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxışında qeyd edib ki, Azərbaycan jurnalistinin vətəndaşlıq mövqeyi vacibdir: "Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onalara üzümü tutub deyirəm: "Kimlərinsə diqtəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını elə insanlara qarşı mübarizə aparmağa çağırıram.

APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı çıxış edərək deyib ki, dünyada baş verən qlobal iqtisadi böhran nəticəsində reklam bazarında ciddi bir eniş hiss olunur: "Onlayn media sadəcə gördüyünüz saytlardan ibarət deyil. Bunun ciddi alt infrastrukturu olmalıdır. Bu isə çox böyük vəsait tələb edir. Onlayn mediaya dövlət dəstəyinin verilməsini təklifi dəstəkləyirəm. Onlayn mediaya ciddi dövlət dəstəyinə ehtiyac var. Azərbaycan dövlətinin müstəqil mediaya dəstək göstərmək kimi bir borcu və öhdəliyi yoxdur. Əlbəttə bu bizim xahişimizdir.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışında "freelance jurnalistikaya toxunub: "Kimsə "freelance kimi fəaliyyət göstərirsə, özünə VÖEN açdırmalıdır, əldə etdiyi gəlirdən vergi verməlidirlər. 5 il fəaliyyət göstərdikdən sonra hansısa jurnalist təşkilatında üzv ola bilərlər. "Freelance jurnalistika onlayn medianın bir hissəsidir.

"İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də bəzi saytların fəaliyyətindən şikayətlənib. O bildirib ki, həmin saytlar insanları şantaj edirlər: "Mətbuat Şurası bununla bağlı tədbirlər görür. Bu cür hərəkətlər tarixi ləkələyir, bunlara qarşı ciddi cəza tədbirləri görülməlidir.


Sonda çıxış edən Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov media ilə bağlı təkliflərə münasibət bildirib. O deyib ki, bundan sonra dövlət mediaya dəstək verəcək. 

Çıxışçılar Mətbuat Şurası sədrinin və Nəzarət - Təftiş Komissiyalarının hesabatlarını qənaətbəxş hesab ediblər. Hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın sədri və İdarə Heyətinin yeni tərkibi seçilib.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib.

*** 10:25

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayında zərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. 

Unikal.org-un xəbərinə görə, o, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib.

Daha sonra Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.

Qurultay davam edir.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

**** 10:13

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayı keçirilir.

Unikal.org-un xəbərinə görə, qurultay nümayəndələri qeydiyyatdan keçdikdən sonra Ali Məclis başlayıb. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Konfransda həmçinin MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Belə ki, Təşkilat Komitəsi İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklifini edib. Bununla əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyi təklifini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.