Mingəçevirdə mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb.
Unikal.org xəbər verir ki bu barədə DİN Mətbuat Xidmətinin Şəki şəhərində regional qrupundan APA-ya məlumat verilib.
Məlumata görə, ötən il dekabrın 12-də Mingəçevir şəhər sakini Ellada Kərimli şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxanadan televizorun oğurlanması barədə məlumat verib. Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanaraq istintaq şöbəsinə təhvil verilib. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər.
Onların ətrafında aparılan araşdırmaların davamı olaraq həmin şəxslərin etdiyi başqa cinayət əməllərinin də üstü açılıb. Belə ki, ötən ilin dekabr ayında Mingəçevir şəhər sakininə məxsus mənzildən 8 min manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən edilib.
Saxlanılan şəxslərdən Arzuman Rəhimovun Mingəçevir şəhər sakininə məxsus yaşayış evindən 1000 manat dəyərində televizor oğurladığı da aşkar edilib. Ümumilikdə oğurlanan avadanlıqların az bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.