Martın 19-da Bakıda keçiriləcək Novruz şənliklərində təhlükəsizliyin təmin olunması məqsədilə bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.
Bunu Unikal.org-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi , polis polkovniki Vaqif Əsədov bildirib.
Şöbə rəisi deyib ki, həmin gün səhər saat 8:00-dan
13:00-dək paytaxtın Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı
bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət
qoyulacaq, istiqamət dəyişdiriləcək.
Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası
istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və
bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət
qoyulacaq və istiqamət dəyişdiriləcək.
V.Əsədov tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan
istifadə etməyi tövsiyə edib:
"Ümumiyyətlə bayram şənliklərinə gələnlər unutmasınlar
ki, Neftçilər prospekti boyunca "Formula 1 yarışının keçirilməsi ilə əlaqədar
olaraq qoyulmuş beton maneələr olduğu üçün həmin ərazidə avtomobillər park edilərsə
yolda daralma olacaq və hərəkətə maneə yaradacaq. Bunu nəzərə alaraq tədbirə şəxsi
avtomobilləri ilə gələn vətəndaşlar Azadlıq meydanındakı yeraltı dayanacaqdan
istifadə etsinlər.