Faşistlər əsirlərin başına oyun açırdılar, onları alçaltmaq üçün saçlarını qırxdırıb, güllələyirdilər
İkinci Dünya Müharibəsindən 71 il keçməsinə baxmayaraq, Çingiz Ələkbərov qanlı döyüşləri dünən olmuş kimi xatırlayır. 91 yaşlı müharibə veteranı hələ də o günləri yadından çıxarmayıb. 

Unikal.org bildirir ki, 1925-ci ilin avqustun 30-da Bakıda anadan olan Çingiz Ələkbərov döyüş xatirələrini, yaşadığı çətin günləri azvision.az-la bölüşüb.

-1925-ci ilin 30 avqust tarixində Bakı şəhərində anadan olmuşam. Atam 32 yaşında vəfat edib. Anam və məndən iki yaş böyük bacımla birlikdə yaşayırdıq. Orta təhsilimi başa vurduqdan sonra 1943-cü ilin fevral ayında orduya çağrıldım. Sumqayıtdakı ehtiyat alayında 6 ay məşq etdikdən sonra bizi cəbhəyə yola saldılar. 

416-cı diviziyanın 1274 nömrəli minaatanlar batareyasında yer almışam. Cəbhə həyatım diviziya ilə birlikdə başlayıb. 

Bizdə o vaxtlar vətənpərvərlik ruhu güclü idi. Çünki pioner və komsomol təşkilatları çox fəal idilər. 

Orta məktəbi əla qiymətlərlə bitirmişdim, o vaxtki qaydalara görə orta məktəbi yaxşı qiymətlərlə bitirənlər istədikləri ali məktəbə imtahansız qəbul oluna bilərdilər. Mənim də belə bir şansım var idi. Ancaq vətən sevgisinə görə hərbi komisarlığa gedib, könüllü cəbhəyə göndərilməyimi xahiş etdim. 18 yaşın tamam olmamışdı, məni hərbi komisarlğa dəvət etdilər. O vaxt bizim məşhur "416-cı" diviziyanın Şimali Qafqazda bir çox uğurlu döyüşləri olmuşdu. 

- 17 yaşlı bir gənc üçün güllə səsi, insan öldürmək, ümumiyyətlə, müharibə dəhşətli gəlmədimi?

- Əlbəttə, cəbhə həyatı tamam başqa idi. Biz Sanbeq təpələrinin yaxınlığında mövqe tutmuşduq. Almanlar hündürlükdə müdafiə xətti yaratmışdılar. Onlar bizi yuxarıdan müşahidə edirdilər. 

Almanlar bizim mövqelərimizə istənilən an atəş açırdılar. Bir az biz həmin mövqelərdə durduq. Sonra Taqanroqa hücuma keçməyə başladıq. 
Orada atəşin nə olduğunu, düşmən atəşindən qorunmaq üçün hansı üsullardan istifadə etməyi öyrənmişdim. Döyüşə tam hazır idim. Bizim cəbhədə qorxu hiss olunmurdu. Çünki hər an ölümlə rastlaşırdıq. Buna görə də ölüm bizə adiləşmişdi. Eyni zamanda qarşımıza qələbə qazanmaq tapşırığı qoyulmuşdu. Məndə döyüş ruhu o qədər yüksək idi ki, bir il doqquz ay səngərdə fasiləsiz, arxaya çəkilmədən döyüşmüşəm.

- Sizin diviziya yalnız azərbaycanlılardan ibarət idi? 

- "416-cı diviziya" 1942-ci ildə Azərbyacanda təşkil olunmuşdu. Əsas döyüşçülər azərbayacanlılar idi. Amma döyüşlər davam etdikcə, ölən və yaralanan əsgərlərin yerinə yerli sakinlərdən gənclər qoşulurdu. Aramızda ruslar və ukraynalılar da var idi. Gürcülər və ermənilər isə çox az idi. Onlar da Azərbaycanda yaşayanlar idilər. 

- Hansı döyüşlərdə iştirak etmişdiniz?

- 1943-cü ilin avqust ayında Azov dənizin sahillərində diviziya hücuma keçdi. Bizə 130-cu diviziya ilə bərabər, tank qoşunları da bizə kömək edirdi. Diviziyanın Rastov vilayətində birinci qələbəsi Taqanroq şəhərinin azad olunması idi. Bu şəhər yazıçı Anton Çexovun doğma şəhəridir. Buna görə də diviziyaya Taqanroq adı verilmişdi. Döyüşlərimiz uğurla başlamışdı. Ordumuz irəlilədikcə Ukraynanın cənub istiqamətindəki torpaqlar azad edilirdi. Diviziyamız daha sonra Moldovanın paytaxtı Kişnyovu azad etdi. Prut çayına çatanda isə diviziya qısa müddətdə fərqləndiyinə görə "Taqanroq" fəxri adına iki orden əlavə olundu.

Daha sonra bizi Polşanın paytaxtı Varşavanın yaxınlığına göndərdilər. Orada döyüş hazırlığı keçəndən sonra Berlin istiqamətində hücum başladı. Polşanın bir çox şəhərlərini , yaşayış məntəqələrini düşməndən azad etdikdən sonra Polşa ilə Almaniya sərhəddindəki Oder çayına çatdıq. 

Oderin sahilindəki Kusvin şəhərini azad etdikdə sonra böyük Berlin əməliyyatı başladı. Diviziyamız orada böyük qəhrəmanlıq göstərdi. Mayın 1-də Berlinin alınması ilə qələbəni qeyd etdik. 

- Berlin döyüşü yadınızda necə qalıb? Hansı səhnələr hələ də gözünüzün önündə canlanır?



- Berlin döyüşü çox gərgin keçmişdi. Bunu əvvəlki döyüşlərlə müqayisə etmək olmaz. Berlin 4 milyon əhalisi olan şəhər idi. Düzdür, əhalinin çoxu şəhərdən köçüb getmişdi, orada çox adam qalmamışdı.

Təsəvvür edin, nəhəng bir şəhərdə tanklardan, toplardan atəş açılırdı. Aviasiya şəhəri bombalayırdı. Belə bir şəraitdə bilmirdin ki, atəş haradan açılır, hansı pəncərə oyuğundan, hansı zirzəmidən...

İnsanlar hər addımda ölümlə üz-üzə idilər. Berlin döyüşlərində təqribən 320 min insan ölmüşdü. Qərbdə isə iddia edirdilər ki, guya biz Berlində 800 mindən çox itki vermişik. 

Küçənin bir tərəfindən o biri tərəfə keçmək mümkün deyildi. Faşistlər bütün cəbhələrdən geri çəkilib, Berlində cəmləşmişdilər. Müttəfiqlərin qoşunları Berlinə girə bilmədilər. Onlar Almaniyadan axan Elba çayına qədər gəlmişdilər.

Berlində baş verən hadisələr hələ də yadımdan çıxmayıb. Bizim minaatanlar batareyasında komandirimiz Zakir Hüseynov idi. O, bizim alayın piyada hissəsindən yaşı 55-dən çox olan Əkbər adlı bir kişini onların komandirinin razılığı ilə batareyaya götürmüşdü. Əkbər yaşlı idi, alayla birlikdə irəli gedə bilmirdi. 

Berlin döyüşlərində hündür mərtəbəli binanın zirzəmisində Əkbər kişini yanımızda saxlayırdıq. Həmişə deyirdi ki, məni 5 uşaq gözləyir, gözləyirəm müharibə qurtarsın, geri qayıdım. Biz də bu zirzəmidən müşahidə edirdik, döyüşürdük. Almanlar bizim tərəfə atəş açdılar. Əkbər həlak oldu. 
Həmin gün Berlində atəş kəsildi, almanlar təslim oldular. Onun həyatı isə müharibənin bitməsinə bir neçə saat qalmış bitdi. 
Müharibədən 70 ildən çox vaxt keçir. Baş verən hadisələr hələ də gözümün önündədir. 

- Bir il doqquz ay vuruşmaq, aylarla soyuq səngərdə yatmaq sizin üçün çətin deyildimi?

- Mən müharibədən 5 il sonra da Almaniyada qulluq etdim. Bizim diviziya güclü olduğuna görə onu Almaniyada saxladılar. Ordudan 1950-ci ilin yayında tərxis olundum.

Cəbhəyə gedəndə bir arzum vardı ki,sağ-salamat evə qayıdım, öz yerimdə yatım. Döyüşdə yatmaq deyilən anlayış yoxdur. Şinelimizi qarın üstünə salırdıq, əsgər yoldaşımla kürək -kürəyə verib uzanırdıq. 

- Qələbəni necə qeyd etdiniz? Qalib gələcəyinizi gözləyirdinizmi?



- Səhər saat 10-11 radələrində atəş kəsildi. Çıxdıq yaxınlıqlardakı məhəllələrə göz gəzdirək ki, necə şəhərdir. Bir meydana gəldik, gördük ki, böyük bir bina var, qapısında da ağ xalatlı adamlar dayanıb. Orada yaralı almanları yerləşdirmişdilər. Əsgər yoldaşımla oradakı oturacaqlardan birində əyləşdik. 10-15 dəqidən sonra xəsətxanadan iki nəfər ağ xalatlı cavan qadın bizə sarı gəldi. Biri alman qızı idi, biri isə çexiyalı.

Alman qızı bizə yaxınlaşıb nəsə dedi. Mən bəzi sözləri başa düşdüm,bəzilərini isə yox. Çünki alman dilini bir o qədər də yaxşı bilmirdim. Almanın yanındakı çexiyalı qız rus dilini başa düşürdü. O məni evlərinə dəvət etdi. Onlar kasıb idilər. Mən onlar üçün batareyadan azuqə gətirirdim. Çünki almanlar müharibəyə görə çox aclıq çəkirdilər. 
Atəşkəsdən sonra Berlində almanlar bizə qarşı mehriban davranırdılar. 

Qeyd edim ki, mən Hitlerin kabinetində də olmuşam. O zaman karaul rəisi idim, Hitlerin iqamətgahını bizim diviziyaya tapşırmışdılar. 

9 mərtəbəli zirzəmi idi. 4 mərtəbə aşağıya doğru otaqları gəzmək olurdu, qalan mərtəbələri su basmışdı. Hitlerin kabineti təxminən 80-90 kvadramter olardı. Onun yazı stolu da qalmışdı. İqamətgahı ələ keçirən əsgərlər kabineti talayıb çapmışdılar. Alman ordenləri, nişanları ayaqlarımızın altına səpələnmişdi. Hitlerin otağında kreslo və Almaniyanın bayrağı qalmışdı. Ay yarım orada karaul xidməti çəkdik. Aramızda Mixail Marquriç adlı yəhudi vardı. O, Hitlərin kabinetində oturub deyirdi ki, "Aman tanrım, gör, yəhudi balası harada oturub". 

Heç vaxt inanmazdıq ki, nə vaxtsa Hitlerin kabinetində olarıq. Hitler almanların düşüncəsini tamam dəyişmişdi. 

Berlin ələ keçiriləndən sonra ölüm düşərgələrindən birinə daxil olduq. Orada müttəfiqlərimizin təyyarəçiləri, Almaniyanı bomblayan əsgərlər əsir saxlanılırdı. 

Faşistlərin bütün işğal etdikləri yerlərdə bu cür düşərgələr var idi. Onlar əsirlərdən qul kimi istifadə edirdilər. Kimsə səsini çıxardan kimi, güllələyirdilər. Bizim əsirlərdən çoxu acından ölmüşdü. Almanlar onlara qarşı alçaldıcı hərəkətlər edirdilər. Yəhudilərə qarşı münasibət lap pis idi. Faşistlər yəhudilərin saçlarını qırxıb, lüt soyundururdular. Onlara olmazın işgəncələrini verirdilər.Ölüm düşərgələrində qaz ilə onları boğub öldürürdülər.