"Qarabağ münaqişəsi heç bir silahla həll edilə bilməz".
Unikal.org-un anspress-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin jurnalistlərlə müsahibəsi zamanı bildirib.
İvan Volınkin öz açıqlamaları ilə erməniləri sözün əsl mənasında pərt edib. Rusiyanın Azərbaycana silah satışına dair suala cavab verən səfir bildirib ki, onun fikrincə, onsuz da münaqişə silahla deyil, yalnız danışıqlar masasısı arxasında həll oluna bilər.
Təkrarən həmin sualı səfirdən cavablandırmağı xahiş edəndə isə o deyib: "Gəlin unutmayaq, biz Ermənistana da silah satırıq. Sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır".
Daha sonra Rusiya səfirliyinin ikinci katibi jurnalistlərdən xahiş edib ki, kameraları söndürsünlər. Erməni mətbuatı yazır ki, bundan sonra o "sensasion etiraf"la çıxış edib. "Bəyəm Ermənistan Dağlıq Qarabağı tanıyıb? Nə qədər ki, tanımayıb, rus silahı Qarabağa daxil ola bilməz", - diplomat deyib.
Aprel döyüşlərindən təşvişə düşən Ermənistan bir neçə dəfə Rusiyaya müraciət edərək Azərbaycana silah satmamağa çağırıb. Ötən ay Ermənistanın baş naziri Ovik Abraamyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistanda müsbət qarşılanmır.
"Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq xalqımız böyük ürək ağrısı ilə qəbul edir ki, o, Azərbaycana silah satır. Mən Rusiyanı Azərbaycana silah satmamağa çağırıram".
Bu məsələdə Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin və baş nazir Dmitri Medvedev də erməniləri məyus edib. Dördgünlük müharibədən sonra regionda səfər edən dövlət rəsmiləri ölkələrinin silah satışına davam edəcəyini açıqlayıb.
Roqozin bildirib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək. "Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır".
Cəbhə bölgəsindəki döyüş əməliyyatlarından sonra Bakıya səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev də ölkəsinə qayıdandan sonra silah satışı məsələsinə aydınlıq gətirib. Rus nazir jurnalistin "Azərbaycan və Ermənistana silah satışı davam edəcəkmi?" sualına belə cavab verib: "Rusiya hər iki ölkə ilə əməkdaşlıq əlaqələrinə malikdir. Rusiyanı həm Ermənistan, həm də Azərbaycanla çoxəsrlik münasibətlər bağlayır. Burada hər şey aydındır. Siyasi və hərbi məsələlərdə də Rusiya hər iki ölkəyə eyni gözlə baxır".