Birlikdə araq içdikdən sonra tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edir. Sonuncu məhkəmə prosesində qətlin necə baş verməsi, cinayətin üstünün necə açılması ilə bağlı bütün təfərrüatlar üzə çıxıb.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən 1964-cu il təvəllüdlü Çobanzadə Bəxtiyar Şahlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında qətlə yetirilən Hikmət Babayevin qardaşı, hüquqi varis kimi tanınan Sərxan Babayev ifadə verib.
O deyib ki, qardaşı evdən çıxdığı gün gecə evə qayıtmayıb. İtkin düşdüyü üçün onu axtarmağa başlayıblar. S.Babayev qeyd edib ki, əvvəlcə rayon xəstəxanasına və polis idarəsinə gediblər.
"Qardaşımın sonuncu dəfə telefonda Bəxtiyar adlı şəxslə danışdığını eşitmişdim. Mənim yanımda danışırdı. Mən Bəxtiyarı tanımırdım. Onun kim olduğu, qardaşım ilə münasibəti barədə maraqlandım. Sonra Bəxtiyarı axtarmağa başladıq. Onu tanıyanlardan telefonunu öyrəndik. Zəng edib qardaşımı soruşanda cavab vermədi. Dedi ki, xəbəri yoxdur. Bir neçə dəfə də zəng edib, qardaşımın sonuncu dəfə onunla görüşdüyünü, danışdığını dedim. Amma qardaşımı görmədiyini, hətta tanımadığını dedi. Söyləyirdi ki, işi var, evdə deyil və görüşməyə vaxtı yoxdur. Biz də evini tapıb ora getdik. Digər qardaşım, mən və mərhum qardaşımın oğlu birlikdə Çobanzadənin evinə getdik"- deyə zərərçəkmiş şəxs söyləyib.
Namiq Ağayev deyib ki, evə çatan zaman Çobanzadəni orada görəndə təəccübləniblər: "Çünki bizə evdə olmadığını demişdi. Qapı açılanda gördük ki, girişdə qan izləri təmizləyir. Qan izləri barədə soruşanda dedi ki, toyuq kəsmişəm. Amma toyuq qanı o qədər ola bilməzdi. Mərhum qardaşımın oğlu girişdəki ayaqqabıları görəndə dedi ki, "atamındır". Amma Çobanzadə dedi ki, özünündür. Biz də evə zəng edib, qardaşımın nə ayaqqabı geyindiyini soruşduq. Bildik ki, ayaqqabılar qardaşımındır. Biz ondan şübhələndik. Qardaşımgil orada qaldı. Mən də gedib polisə məlumat verdim. Polislər evi axtarmağa başladı. Evin arxasında bir qapı var idi. Qıfılı açıb ora baxanda qardaşımın selofana bükülmüş meytini gördük".
Məhkəmədə şahid qismində Təhminə Babayeva da dindirilib. O, mərhumun həyat yoldaşıdır.
Şahid deyib ki, yoldaşı evə gec gələndə məlumat verirmiş. Həmin gecə də telefonda danışıblar və yoldaşı gecikəcəyini deyib:
"Axşam zəng elədim. Çox vaxt evə gec gəlmirdi. Dedi ki, işi var və birazdan gələcəm. Sonra yenə zəng elədim. Amma telefonuna zəng çatmırdı. Oğlum və qayınlarım axtarmağa başladılar. Səhər Çobanzadəgilin evində olanda oğlum mənə zəng elədi ki, "atam evdən çıxanda hansı ayaqqabını geyinib. Mən də bildiyimi dedim.
Hakim təqsirləndirilən şəxsin mərhuma sualının olub-olmadığını soruşub. Çobanzadə isə mərhumun xanımından onu bağışlamasını xahiş edib.
Amma Təhminə Babayeva onu heç vaxt bağışlamayacağını deyib.
Mərhumun qardaşı isə Çobanzadəyə ən ağır cəza verilməsini istəyib.
Prosesin davamında mərhumun oğlu İsmət Babayev də ifadə verib.
O söyləyib ki, axşam atasına zəng çatmayıb. Onlar atasını axtararkən sonuncu dəfə Bəxtiyar Çobanzadə ilə görüşdüyünü öyrəniblər.
"Bəxtiyarın evinə getdik. Əvvəlcə bir neçə dəfə Bəxtiyara zəng edib görüşmək istədiyimizi dedik. Çünki atam sonuncu dəfə onunla olmuşdu. Amma Bəxtiyar deyirdi ki, işim var. Biz özümüz evinə getdik. Gördük ki, Bəxtiyar evdədir. Qapının girişindəki qanı silirdi. Atamın ayaqqabılarını görəndə şübhələndim. Amma Bəxtiyar dedi ki, ayaqqabılar onundur. Biz polisə məlumat verdik. Polis gəldi, evin arxasında bağlı bir qapı var idi. Qapını açanda atamın selofana bükülmüş meytini çıxardılar".
Təqsirləndirilənin xanımı Sənubər Çobanova da məhkəmədə şahid kimi ifadə verib. O, hadisənin baş verməsindən, hansı səbəbdən qətlin törədilməsindən xəbərsiz olduğunu söyləyib.
Şahid ərinin belə bir əməl tutmasına inanmadığını söyləyib: "Bəxtiyar elə insan deyil. Amma hadisə necə baş verib, anlamıram".
Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. Bəxtiyar Çobanzadə 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib. Onlar Bəxtiyar Çobanzadənin evində yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman Bəxtiyar Hikmət Babayevə bıçaqla zərbə endirib.
B.Çobanzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.