Bərdədə oğru dəstə saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, ötən ilin dekabr ayında rayon sakini Vahid Xanməmmədov Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək evindən 5000 manat pulunun oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüqar İbrahimov və Tərtər rayon sakini Vüqar Baxşəliyev saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri ilə onların digər cinayətinin üstü açılıb. Belə ki, cari ilin fevral ayında Bərdə rayon sakini Məzahir Cəfərovun evindən 22230 manat pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.