Almaniya məhkəməsi sabiq Kataloniya hökumətinin başçısı Karles Puçdemonun həbs müddətini uzadıb.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb.
Bundan sonra məhkəmə sabiq Kataloniya rəhbərinin İspaniyaya ekstradisiya olunması məsələsinə baxacaq.
Qeyd edək ki, Finlandiyadan Belçikaya gələn K. Puçdemon ötən gün Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.
27 oktyabr 2017-ci ildə Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. Buna cavab olaraq İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsini tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. Həmin il noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.
Keçən il dekabrın 5-də İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri K. Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib. Bu il martın 23-də isə İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyaren K. Puçdemonun həbsi üçün order verib.