Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Qəbələ qızılbalıq yetişdirmə zavodu 2018-ci ildə su hövzələrinə 57 minə yaxın balıq buraxmağı planlaşdırır.
Unikal.org xəbər verir ki, bunu trend-ə müəssisənin baş balıq mütəxəssisi Səfayət Qaçayeva deyib.
S.Qaçayevanın sözlərinə görə, ötən il bu rəqəm 60 minə yaxın olub. Bu göstərici dövlət planının icrasını 5 faiz üstələyib.
2014-cü ildə su hövzələrinə 48300, 2015-ci ildə 57500, 2016-cı ildə 63840 balıq buraxılıb. Son 18 il ərzində zavod 900 minə yaxın balığı su hövzələrinə buraxıb.
Qeyd edək ki, 1956-cı ildən fəaliyyət göstərən zavodda hazırda qızılbalıq və forel yetişdirilir. Daha sonra bu balıqlar Xəzər dənizinə, Kür çayına və digər kiçik su hövzələrinə buraxılır.