Misir Mərdanov: "Heydər Əliyev məsələni bir günün içərisində həll etdi".
 
Bu gün may ayının 10-u ulu öndər mərhum Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunur. Onun rəhbərliyi altında çalışmış şəxslər hər zaman ümumilli liderlərlə bağlı xatirələrini ictimaiyyətlə bölüşürlər. 
 
Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Unikal.org-a müsahibəsində Heydər Əliyevlə bağlı maraqlı xatirələrini danışıb. 

-Mən Universitetin rektoru vəzifəsinə də ümumilli lider Heydər Əliyev tərəfindən təyin olunmuşam. 1997-ci ildən 2003-cü ilə qədər birbaşa onun rəhbərliyi altında çalışmışam. Onun 5 ilini təhsil naziri, qalan 2 ilə yaxınını Bakı Dövlət Universitetinin rektoru vəzifəsində işləmişəm. Deyiləsi, yazılası xatirələr çoxdur. İlk növbədə onu deyim ki, Heydər Əliyev əvəzolunmaz, çox yüksək səviyyəli intellektə, diqqətə, mənəvi saflığa malik olan bir şəxsiyyət idi. Təsadüfi deyil ki, ona ulu öndər deyilir. Dünyanın hər yerində onun anadan olduğu gün qeyd olunur. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, bu günki günə gəlib çatmasında şübhəsiz ki, Heydər Əliyevin rolu ölçüyəgəlməzdir. Çox danışmaq olar. Ancaq təhsillə bağlı bir neçə məqamı qeyd edəcəyəm. Həm Sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Heydər Əliyevin siyasətində təhsil  və elm prioritet sahələrdən biri olub. Təhsili hər zaman diqqət mərkəzində saxlayıb. 70-ci illərdən başlayaraq Moskvaya gedənədək və orada olduğu vaxtlarda da Azərbaycandan minlərlə gəncin SSR-nin ən nüfuzlu ali məktbələrində oxumasına dəstək olub. Bu günki potensiala görə, Azərbaycan dövləti, xalqımız o zaman atdığı belə addımlara görə, Heydər Əliyevə borcludur. Məni təzə nazir təyin edəndə belə bir tapşırıq verdi ki, onu "inoqorodnik"lərlə (xaricdə təhsil alan gənclərlə -red.) görüşdürüm. Yaxşı xatırlayıram, 1993-cü ilin avqust ayının 30-da indi Heydər Əliyevin adını daşıyan sarayda böyük görüş keçirildi. Orada tarixi bir çıxış etdi. Mən o çıxışların hamısını yazmışam. 
Azərbaycanın yeni əlifbaya keçməsi haqqında qərar Heydər Əliyevə qədər verilmişdi. Ancaq yeni əlifbaya keçilməmişdi. Azərbaycan tarixində bir çox ciddi məqamlara imza atan Heydər Əliyev məsələni bir günün içərisində həll etdi. O zaman heç kəs inanmırdı ki, bu mümkün olacaq. Amma tarixi hadisə baş verdi. Orta məktəb dərslikləri, xüsusən tarix dərslikləri ilə bağlı, təhsil islahatları ilə bağlı, məktəb tikintisi, müəllim hazırlığı, məktəblərimizin müasir informasiya kommunikasiya texnologiyaları ilə təmin olunması istiqamətində, müstəqillik dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almalarına dair Heydər Əliyev çoxlu sayda sənədlərə imza atıb və onları həyata keçirib. Bütövlükdə ölkəmizin, azərbaycançılığın bərpa olunması və inkişafı, Azərbaycan dilinin inkişafı birbaşa Heydər Əliyevlə bağlıdır. O zaman göstəriş verdi ki, hər kəs ana dilmiz olan Azərbaycan dilini bilməlidir və bu dildə də danışmalıdır. 
Heydər Əliyev Azərbaycan dövlətinə, xalqına çox töhvələr verib. Son ən uğurlu töhfəsi isə doğulub boya-başa çatdığı Azərbaycana bacarıqla rəhbərlik edən, ölkəmizi dünyada tanıdan İlham Əliyevi Azərbaycana xalqına yetirməsi və onun Azərbaycan prezidenti seçliməsini tövsiyyə etməsidir. Digər ölkələrdə hakimiyyət dəyişikliyini görmüşük. Nə qədər çətinliklər yaranıb. Ancaq bizim ölkədə nəinki problem yaranmadı, əksinə ölkəmiz müasirləşdi, daha sürətlə irəliyə doğru addımlar atdı. 
 
-Nazir təyin olunmağınızla bağlı xəbəri necə qarşıladınız? 

-Mən o zaman BDU-nun rektoru vəzifəsində çalışırdım. Çox yaxşı işləyirdim o zaman üçün. Günlərin bir günü prezidentin köməkçisi mənə zəng edib qəbula gəlməyimi bildirdi. Mənim heç ağlıma gəlməzdi ki, nazir təyin olunaram. Düzdü o zaman bu vəzifə boş idi. Ancaq mənim üçün hər zaman BDU-nun rektoru olmaq çox şərəfli bir vəzifə olub. Getdim qəbula, görüşdüm. Təhsildən söhbət etdi, çox ciddi suallar verdi, problemləri ortalığa qoydu. Sonra dedi, qərara gəlmişəm ki, "səni təhsil naziri təyin edim". Sonra Heydər Əliyev sən necə baxırsan bu məsələyə?-deyə soruşdu. Dedim ki, biz sizin əsgərlərinizik. Ali Baş Komandan əsgəri hara göndərsə, orada bacardığını etməlidir. Mən də buna hazıram. Beləliklə mən nazir oldum. 

-Azərbaycanda təhsilin indiki durumunu necə qiymətləndirirsiniz?

-Mən hər zaman demişəm ki, təhsil ölkənin böyük bir hissəsidir. Ölkənin durumu necədirsə, təhsilin də vəziyyəti elədir. Məndən sonra nazir vəzifəsinə təyin edilmiş adam çox yüksək intellektə malik olan bir insandır. Biz onunla ara-sıra görüşürük. Çox yaxşı münasibətlərimiz var. Mən universitetdə rektor olan zaman o bizim universitetin tələbəsi olub. Bu yaxınlarda mənə dedi ki, "Misir müəllim Siz mənim diplomuma qol çəkmisiniz". Mən onu ilk dəfə təbrik edən adamlardan olmuşam. Ona uğur arzulamışam. Biz hər birimiz dövlət başçısının qərarlarına hörmətlə yanaşmalıyıq. Şəxsi məsələləri kənara qoymalıyıq. Mən də hesab edirəm ki, bu seçim doğru seçimdir. İndiki nazirə gələcək işlərində daha böyük uğurlar arzulayıram. 

-Azərbaycanda elm tutumlu iqtisadiyyat qurmaq üçün hansı addımların atılması zəruridir?
 
-Bu barədə cənab prezidentin dəfələrlə dediyi və şüara çevrilmiş sözləri var. Qara qızılı insan kapitalına çevirmək deyimini nəzərdə tuturam. Bunun da əsasında sizin sualınızın cavabı dayanır. Bu gün ölkəmizdə çox ciddi iqtisadi islahatlar gedir. Təhsil bina deyil ki, onu bir ildə tikəsən. Buna müddət, zaman lazımdır. Mən hesab edirəm ki, biz işıq gələn tərəfə gedirik. 

Həsən Babayev