Prezident İlham Əliyev "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, dəyişikliklərə əsasən, sərəncamın 5-ci hissəsində "Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti sözləri ilə əvəz edilib.

Qurumun aparatının işçilərinin say həddi 7-dən 15-ə artırılıb. Həmçinin "rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin sözləri "regional bölmələrin sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.