"Azərbaycanda elektroenergetikanın sürətli inkişafı təmin edilib, yeni tikilən müasir tipli elektrik stansiyaları hesabına generasiya gücləri 2400 MVt-a qədər artırılaraq 6400 MVt-a çatdırılıb. Nəticədə ölkəmiz daxili enerji tələbatını ödəməklə yanaşı, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
APA-nın məlumatına görə, bunu bu gün "Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, ötən illər ərzində 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiyalar və 5 mindən çox transformator məntəqəsi inşa olunub, 54 min kilometr hava və kabel xətti çəkilib, 1 milyon 600 mindən artıq müasir tipli elektron sayğaclar quraşdırılıb.
"Texniki itkilər Bakı şəhəri üzrə 7,8 faizə, regionlar üzrə 11,4 faizə, endirilməklə, "Azərişıq üzrə 9,6 faiz təşkil edib. Enerji haqlarının yığımı Bakı şəhəri üzrə 99 faizə, regionlarda 87 faizə yüksəldilməklə, "Azərişıq üzrə 93 faizə çatdırılıb. "Azərenerjiyə ödənişlər 100 faiz təmin olunub, vergi və büdcə ödənişləri artıqlaması ilə icra edilib. Qoyulmuş investisiyalar nəticəsində uçotun bərpa olunması və itkilərin xeyli dərəcədə azaldılması hesabına cəmiyyətin gəlirləri artıb və paylayıcı şəbəkələrin yenidən qurulmasına qoyulan investisiyalar qısa müddət ərzində özünü tam doğruldub, deyə B.Rzayev qeyd edib.
O həmçinin qeyd edib ki, "Regionların inkişafına dair 2014-2018-ci illər üzrə Dövlət Proqramı və qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda irimiqyaslı tədbirlər həyata keçirilir: "Kənd təsərrüfatının və meliorativ tədbirlərlə bağlı enerji təchizatının yaxşılaşdırılması üçün 5 ədəd 110 kV-luq, 17 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 110 kilometrdən çox elektrik xətləri çəkilib və 450 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Bu sahədə işlər davam etdirilir.
B. Rzayev bildirib ki, Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir-bərpa işləri aparılır: "Almaniyanın bu sahədə ixtisaslaşmış "Berlin VİND şirkətinin mütəxəssislərinin rəyinə görə, həmin qurğuların ən yaxşı halda 18 aya istismara verilməsi bildirilsə də, tərəfimizdən ciddi tədbirlər görülməklə işlərin cari ilin avqustunda başa çatdırılması planlaşdırılır.
B.Rzayevin sözlərinə görə, "Azərişıq tərəfindən "ASAN xidmət mərkəzləri vasitəsilə 12 növ xidmət göstərilir və bu məqsədlə "ASAN xidmətlə iş idarəsi yaradılıb: "İdarənin əsas vəzifəsi sahibkarlıq subyektlərinin şəbəkəyə qoşulmasını qısa müddətdə təmin etmək, investisiya reytinqini müəyyən edən "Doing Business hesabatlarında ölkəmizin reytinqini yüksəltməkdir. Bildirmək istəyirəm ki, şəbəkəyə qoşulmalar əvvəllər 7 prosedur keçməklə 64 gün ərzində mümkün idisə, hazırda prosedurlar 3-ə endirilib və qoşulmalar 24 gün müddətində təmin olunur.