Qarabağda bir neçə gün ərzində baş verən eskalasiya münaqişənin təkcə tərəfləri deyil, bütün regionu vura biləcəyini göstərdi. Ehtimal ki, hərbi hərəkətlər bununla bitməyəcək və iyunun sonunda Qarabağda müharibə yenidən aktivləşə bilər.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Kiev Tayms" nəşrinin "Dağlıq Qarabağ – Avropa diplomatik sisteminin iflasıdır" başlıqlı məqaləsində deyilir.

Qeyd edək ki, "Karnegi" fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall da "Politika Avropa" nəşrində dərc olunan məqaləsində Qarabağda yeni müharibənin iyunun sonunda başlaya biləcəyini iddia edib.

"Əgər münaqişənin həllində tezliklə irəliləyiş olmayacaqsa, müharibə yenidən baş verəcək. Ehtimal ki, yeni müharibə iyunun sonunda başlayacaq", - deyə o iddiasında bildirib.

Nəşr qeyd edir ki, hazırda yaranmış vəziyyətin praktiki proqnozunu təyin etmək çətindir: "Münaqişə tərəflərinin heç biri toqquşma mərhələsindən danışıqlar prosesinə adlaya bilmir. Ermənistan təmas xəttində monitorinq sisteminin yaradılmasını, Azərbaycan işğal olunmuş rayonların qaytarılmasını tələb edir".

Almaniya-Rusiya forumunun elmi direktoru, alman politoloq Aleksandr Rar hesab edir ki, Dağlıq Qarabağda hüquqi qəza baş verir.

"Vaxtilə beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi əsas idi. Lakin soyuq müharibənin bitməsi və Yuqoslaviyanın dağılmasından sonra öz müqəddəratını təyin etmə məsələsi də gündəmə gəldi. Qarabağda məhz bu iki prinsip arasında münaqişə yaranıb. Məhz öz müqəddəratını təyin etmə prinsipi Cənubi Qafqazdakı problemin həllinə ikili yanaşmanı ortaya çıxarır", - deyə o bildirir.

Nəşr qeyd edir ki, indiki situasiyada ən yaxşı variant regiondakı status-kvonun ləğvi ola bilər: "Görünən budur ki, siyasi-diplomatik texnologiyalarla münaqişənin həllinə nail olmaq çətin olacaq. Bundan başqa, Cənubi Qafqazdakı problemlərin Avropa üçün ikinci planda olması vəziyyəti daha da qəlizləşdirir".