Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə,
xidmət belə müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və cari ilin birinci rübündə 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsaitin 51,1%-i əmək haqlarından, 43,9%-i zərərə görə ödənclərdən, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu istiqamətdə tədbirlər görülərkən aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi və s. barədə qanunvericilik ətraflı izah olunub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, Bakının rayonlarında, habelə Sumqayıt şəhərində, Şəmkir, Tovuz, Lənkəran, Masallı və digər rayonlarda təbliğat-marifləndirmə məqsədilə regional seminar-müşavirələr də keçirilib. Bu tədbirlər çərçivəsində işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyi və onun tətbiqinə dair konkret mövzularda, habelə qadınların və uşaqların əmək hüquqları ilə bağlı geniş məlumatlandırma işləri aparılıb və ilin sonunadək bu tədbirlər davam etdiriləcək.