Bu gün Bakıda "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.
Unikal.org məlumatına görə, vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır: "Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır".
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək üzrə Tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaq.
Açılış mərasimində Yunanıstanın Azərbaycan Respublikasındakı səfiri Nikolaos Kanellos, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndəsi Elisavet Adamantidou, həmçinin Tvinninq layihəsinin rezident müşavirləri və layihə rəhbərləri çıxış ediblər.
Layihə ilə bağlı təqdimatda bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən tvinninq layihəsi transfer qiymətləndirməsinə dair qanunvericiliyin və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra edilməsi sahələrində Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinin təmin olunmasına xidmət edəcək. Layihənin məqsədi transfer qiymətləndirməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi məqsədilə Vergilər Nazirliyinə dəstək verilməsidir.
Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya məqsəd qoyulub. Bu məqsədlərə transfer qiymətləndirməsi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması, "vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi sisteminin hazırlanması, inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması daxildir.
Vurğulanıb ki, müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir. Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər tərəfindən həyata keçirilən əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.
Tədbirdə Avropa İttifaqının və müxtəlif ölkələrin səfirləri, Vergilər Nazirliyinin, digər dövlət qurumlarının, Yunanıstan Milli gəlirlər üzrə müstəqil orqanının, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndələri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri iştirak ediblər.