"Əsəd Hələbin qisasını alır..."
11:04 23-08-2012
İQTİSADİYYAT
"Əsəd Hələbin qisasını alır..."
Azərbaycan mətbuatında ilk dəfə
Azərbaycan mətbuatında ilk dəfə "APA Group" Suriyanın savaş bölgəsinə jurnalist ezam edib.. Qrupumuza daxil olan Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Suriyanın qanlı döyüşlər gedən Hələb şəhərindən reportaj yazıb.
***
Türkiyə sərhədindən Hələbə 45-50 kilometr yoldur. Sakit vaxtda maşınla yarımca saata qət ediləsi yol. Amma bu yarım saatlıq yolu iki saata gedəsi olduq. Müharibənin izləri bu yolda özünü daha qabarıq göstərir: asfalt yol dağılıb, bircə yol nişanı belə qalmayıb.
Hələ Azazda olarkən müxaliflərin dəstə komandirlərindən olan Valid sürücümüz Əhməd üçün əməlli-başlı plan cızmışdı; hansı yolla getməyi, haranın daha təhlükəsiz olması ilə bağlı göstəriş də vermişdi. Bizdən qabaq isə həmin yolu "Əl-Cəzirə"dən olan xanım reportyor da getmişdi. Zahra adlı bu xanım ordan Latkiyaya gedəcəkdi deyə, ona mühafizəçi də ayrılmışdı. Biz isə Əhmədlə bərabər Hələbə ikimiz yollanırdıq.
Amma bizim də bir üstünlüyümüz vardı. Yolda harda saxlasaydılar, həmin komandirin bizə, daha doğrusu, Əhmədə verdiyi telefon nömrəsinə zəng edəcək, yaranmış problemi bununla aradan qaldıracaqdıq.
Tal Rifatın
bombalanması...
Əvvəlcə Əhmədin Əs-Səlamədəki evinə baş çəkdik. Türkiyədə qaçqın həyatı yaşasa da, evindən götürəcəyi əşyalar vardı. Əşyaları da maşına yükləyib, yola düşmək istəyirdik ki... Adama elə gəlir ki, uzaqdan kimsə boş çəlləyi möhkəm-möhkəm döyəcləyir: "bummm", "bummm"...
- Tal Rifatı bombalayırlar. Yəqin orda da qırğın olacaq.
Bunu Əhmədin, səhv etmirəmsə, əmisi oğlu dedi. Adı yadımda qalmadı həmin gəncin. Amma çılğının biri idi. Əli ilə səmanı göstərib, ərəbcə nəsə deyirdi. Əhməd tərcümə elədi. Dedi ki, Tal Rifat burdan 25-30 kilometr şərq tərəfədir. Görünür, indi də aviasiya oranı bombalayır.
Sonradan, Hələbdən qayıdanda öyrənəcəkdik ki, bu şəhərdə Azazdakı kimi kütləvi qırğın olmasa da, azı on nəfər həlak olub, xeyli yaralı da Türkiyəyə aparılıb.
"Dər İzzah yolu gedin"
Əmioğlu ilə görüşüb, maşına minirik. Əhməd dodağının altında nəsə dua edir. Maşın irəlilədikcə ətrafda ancaq qumluq və bir də tək-tük ağac gözə dəyir. Yolda isə qarşımıza çıxan ancaq kiçik tutumlu yük maşınlarıdır. Köç olduğu açıq-aydın görünür. Bizi elə həmin Tal Rifatla Nurbi adlanan kiçik şəhərin yol ayrıcında əsgərlər saxlayır. Əhməd əsgərlərə nəsə deyir, onlarsa razılaşmırlar deyəsən.
- Deyirlər, Dər İzzah yolu ilə gedin.
- O nə yoldur?
- Bilirsən, Mammad - pasportumda soyadım Mammadov yazıldığına görə Əhməd məni belə çağırırdı - biz bir qədər geri qayıtmalıyıq. Sonra Hamdanya tərəfdən Hələbə. Bir az uzaq düşəcək, amma eyb etməz. Gedək.
- Hamdanya nerəsi, Əhməd?
Gülür.
- Səni onsuz da başa sala bilməyəcəm. Kiçik şəhərlərdir. Qəsəbələrdi. Mən bayaqkı adamın adını verdim. Razılaşmadılar. Yəqin belə məsləhətdi.
***
Nəsə... Dar İzzah deyilən yerdən də keçib irəliləyirik. Ətrafda adda-budda vurulmuş, məhv edilmiş yük maşınları, zirehli texnikalar görünür. Amma atəş səsləri-filan yoxdur. Hamdanyada yenidən maşınımızı saxlayırlar. Bu dəfə əməlli-başlı sənədləri yoxlayırlar. Mənim kimliyimi xüsusi ilə. Əhmədin azərbaycanlı olduğumu deməsi onlarda bir qədər səbrsizlik yaradır. Pasportumu götürüb, yüksək rütbəlinin yanına aparırlar. O, pasportmu vərəqləyib, Şengen vizasına diqqətlə baxır. Avropaya niyə getdiyimi soruşur. "Gəzməyə" deyirəm. Daha bu vurhavurda İvonna nənə hekayəsini də nağıl edəsi deyiləm ki... Pasportu özümə qaytarıb, ərəbcə Əhmədə nəsə deyir. Əhməd də razılıqla başını yelləyir.
Hamdanyada,- sonradan biləcəkdim, Hələbin Biləcərisi sayıla bilər, bir sözlə, girişi - daha ciddi yoxlama var. Amma bu yoxlamaya qədər bir maraqlı məqamı diqqətinizə çatdıraq.
Hələb Suriyanın iqtisadi mərkəzidir. Daha doğrusu, idi... Ölkənin ikinci ən böyük şəhəri olan Hələbin 2 miylondan çox əhalisi var. Daha doğrusu, vardı...
Hələb bir vaxtlar Əsəd ailəsinin, yaxın qohumlarının bir nömrəli biznes məkanı statusunu daşıyırdı.
İndi burda kimin nə məzhəbin yiyəsi olduğu bilinmir. Əsədlərdən isə saysız-hesabsız istirahət mərkəzləri, restoranlar, otellər qalıb. Çoxu da dağılmış vəziyyətdə. İndi bu şəhərin azı 70 faizinə müxalifət nəzarət edir. Şəhərin cənubunda isə ölüm-dirim savaşı gedir.
20 lirəlik "bazarlıq!
...Əhməd pasportuma diqqətlə baxan gənc əsgəri tələsdirir. O isə pasportu vərəqləməklə məşğuldur. Nəhayət, maraqlı bir şey tapa bilmir, amma Əhmədin qulağına nəsə pıçıldayır. Əhməd də mənə tərəf baxır, cibindən 20 türk lirəsi çıxarıb ona verir. Onun böyründəki başqa bir əsgər isə gülümsəyərək, başı ilə "gedin" işarəsi verir. Amma hara getməli?
Bax, bu suala artıq Əhməd cavab verməlidir.
"Gecələr bombanın və soyğunçuların əlindən bayıra çıxa bilmirik"
Qızı Zeynəblə danışır. Əhməd deyir ki, Zeynəb ailəsi ilə Ən Nəyreb istiqamətində yaşayır. Ora getmək isə təhlükəldir. Çünki hər an aviasiyadan bomba yağa bilər. Təklif edir ki, yaxınlıqdakı məhəllələrdən birində yaşayan qohumugilə gedək. Təkrar Zeynəbə zəng edir. Qohumunun telefon nömrəsini istəyir. Zeynəb telefonda nə deyirsə, Əhməd başını yelləyir. Sonra isə Zeynəbdən aldığı nömrəni mənə diqtə edir.
- Deyir, evdən bayıra çıxa bilmirik. Çörək, su yoxdur. Xüsusən gecələr küçələrdə xeyli soyğunçu olur. Yaxşısı budu, Balermuna gedək. Orda sakitlikdir bir az.
Güllə altında alver
Balermun dediyi də Hələbin məhəllələrindən biridir. Açığı, güllə səsləri eşdilmir. Alış-veriş də dayanmayıb. Küçələrdə adamlar gəzir. Əli avtomatlılara da öz yerində. Əhməd qohumuna zəng edə bilir. Qohum da nə qohum - kefcilin birisi. Bizi qapıda qarşılayır. Bir əlində naqan, birində də kiçik kofe fincanı. Əhməddən çox, mənimlə qucaqlaşıb öpüşür. Elə bil min ildi məni gözləyimiş. Bunun da adı Əlidir. Dediyinə görə, yaxşı biznesi var.
- Ticarət bir az zəifləyib. Savaş gedir, ona görə. Dükanlarım ancaq gündüz işləyir. Gecələr işıq gəlir deyə bağlayırıq. Çünki göydən ruslar bomba atırlar.
- Ruslar niyə?
- Ruslar yox, onların təyyarələri. Əsəd o vaxt alıb. Yəqin pis günün gələcəyini bilirmiş.
Ümumiyyətlə, Suriyada olduğum qısa vaxt ərzində müxaliflərin Rusiyaya və İrana münasibətinin olduqca pis olduğunu hiss etdim. Daha doğrusu, bunu duymamaq mümkün deyildi. Rusiyadan daha çox isə İrana nifrət var. Müxaliflərin fikrincə, - bunu müsahibimiz səhra komandiri də təsdiqləyəcəkdi - Əsəd tərəfdən xeyli iranlı muzdlu da vuruşur. Elə İrandan və Rusiyadan olan jurnalistlər də müxaliflərin nəzarətində olan zonada çalışmırlar. Daha doğrusu, risk etmirlər. Çünki Əhməd demişkən, "onları da sevməzlər".
***
... Ali bizi içəri dəvət edir. Dərhal qonşular da yığışır. İşə düşmüşəm, vallah. Hamı nədənsə məndən savaşın nə vaxt bitəcəyini xəbər alır. Və hamısı da ticarət hayında. Daha dəqiqi, alver. Əslində təəccüblü də deyil. Çünki bu şəhər, yuxarıda qeyd etdiyim kimi, bütün şərqdə ticarət şəhəri kimi tanınıb. Biri, adı səhv etmirəmsə Malik idi, vaxtilə bura alverə xeyli azərbaycanlı qadının gəldiyini də xatırlayır.
- 10-15 il əvvəl gələrdilər, indi nəsə gəlmirlər. Onlar hər şey alırdılar. Yaxşı alver edirdilər.
Açığı, onların bu mövzudakı moizələrinə qulaq asmaq həvəsində deyildim. Bir azdan həmin qadınların bəzilərinin də...
Nəsə, "lənət şeytana" deyib söhbəti dəyişirəm.
"Təyyarə gəlir bombalayır, vura bilmirik"
Malik deyir ki, müxalifət qüvvələrin təyyarə və ya helikopterləri vurmaq üçün raketləri olsa çox yaxşı olardı.
- Təyyarə gəlir, bombalayır, vura bilmirik. Amma Əsədi bitirəcəyik. Yüz təyyarəsi olsa da.
- Bəs Əsəd özü hardadır?
- Onu bilmək olmur. Gizlənir. Üzə çıxmır.
Malik onu da deyir ki, Suriya Azadlıq ordusunu başıpozuq yaraqlı adlandıranlar səhv edir. Nizami ordumuz var. Komandirlər də elə Əsəddən can qurtarmış peşəkar zabitlərdir.
Əlini atıb televizoru işə salır.
Diktor qadın nəsə danışır, bunlar isə gülürlər. Əhməd izah edir:
- Suriya dövlət televiziyasıdır. Diktor deyir ki, Şamda uşaqların hansısa musiqi festivalı başa çatıb. Stadionda. On min adam izləyib. Prezident də onları təbrik edib. Amma gördün, Əsədi göstərmirlər. Yalan deyir.
Malikin dediyinə görə, hər xəbərlər başlayanda diktor deyir ki, Suriyada sabitlikdir. Sadəcə, bir-iki quldur var, sabitliyi pozmaq istəyirlər. Onlar da zərərsizləşdirilir. Ölkənin yarısı Əəsədin nəzarətindən çıxıb, bunun dediklərinə bax. Nəsə... bir kabab edək?
Əhməd:
- Biz getməliyik, Malik.
- Bəs qonaq qalmayacaq?
- Yox, Azazda olduq. Dedi ki, Hələbə də baş çəkək.
Malik əlindəki qəlyanı yerə qoyur:
- Azaz, Azaz...Bəşər Hələbin qisasını aldı Azazdan, Hələbin.
- Niyə?
- Çünki Hələbə girə bilmirdi, Azazı vurdu ki, camaatın gözünü qorxutsun.
Zəruri xatırlama: Sonradan səhra komandiri ilə müsahibədə o, niyə Azazın vurulmasına aydınlıq gətirəcəkdi. Düzdü, bir az fərqli izahla, amma Malikin dedikləri ilə hardasa üst-üstə düşən məqamlar da olacaqdı...
***
Bir az qəlyan çəkib, zəhər kimi acı kofeni içəndən sonra - kofeni zorla içirdilər, axıra qədər içməsəm, xətirlərinə dəyə bilərdim - küçələri gəzirik. Alış-veriş öz yerində, üzləri də gülür. Azazdan fərqli olaraq, buranın insanları həddən artıq itki vermələrinə baxmayaraq, yenə optimistdilər, nədənsə. Bakir adlı bir ərəb bizi qarpıza da qonaq edir. O biri dükanına dartıb aparır. Müxtəlif şirniyyatlar təklif edir. Bir sözlə, adama elə gəlir ki, çox yox, şəhərin o başında qanlı döyüşlər getmir sanki.
"Çarşılar bağlı, dəyirmanlar dağıdılıb, dərman da tapılmır"
Xasan adlı ərəb isə - yeri gəlmişkən, xristiandır - deyir ki, şəhərdə ciddi çörək qıtlığı var.
- Çarşılar bağlıdır. Dəyirmanlar dağıdılıb. Dərman da tapılmır. O gün Əsədin adamları iki həkimi evindəcə öldürüblər.
Cərrahı niyə oğurlayıblar?
Xasan həmin həkimlərin hansı məhəllədə yaşadıqlarını demədi. Amma çox maraqlı bir fakt açıqladı. Sən demə, yaralılar təkcə Türkiyəyə göndərilmir. Bir qədər yüngül güllə yarası alanları özlərinin səhra hospitallarında müalicə edirlər. Fakt isə ondan ibarətdir ki, cərrah çatışmadığından iki gün əvvəl Ar Raqqah şəhərinin xəstəxansının cərrahını oğurlayıb gətiriblər. Ailəsini isə təhlükəsiz şəkildə Türkiyəyə keçiriblər, özünə də zəmanət veriblər ki, burdakı "qulluq müddəti" bir aydır. Bir aydan sonra onu da Türkiyəyə keçirəcəklər.
***
Axşam düşəndə şəhərin bütün işıqları söndürülür. Aviasiya hücumlarına görə. Bayaq dediyim kimi, hələ ki bu hücumların qarşısında müxaliflər zəifdilər. Amma Hələbi əldə saxlaya biliblər.
Əhməd deyir ki, artıq getmək vaxtıdır. Malik məsləhət görür ki, Haraydan adlı yerdən gedək.
- Həm tez gedəcəksiz, həm də hospitala da baş çəkin.
Yenə qucaqlaşıb ayrılırıq.
- Savaş bitəcək. Gələn ilə qoymarıq Əsədi Suriyada qalsın. Onda gələrsiz Hələbə...
Bəlkə də Əsəd gedəcək. Amma savaş bitəcəkmi? Əsəddən sonra nə baş verəcək? Bax, bu, artıq başqa söhbətin mövzusudur.
P.S. Geri qayıdanda hospitala girməyə imkan vermədilər. Hətta yanından ötüb getməyi əmr etdilər. Səhəri gün, mən artıq Kilisdə olarkən xəbər gəldi ki, Hələb növbəti dəfə bombalandı: bu dəfə 37 ölü...
Səbuhi Məmmədli,
Suriya, Azaz-Hələb-Kilis, Türkiyə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17